Ərşad Ələkbərov: “Teatr tamaşaçı ilə ünsiyyətdə monoloqa üstünlük verir. Yəni bax, anla, alqışla, get. Bəs hiss etmək?...”

 

Rejissor Ərşad Ələkbərov teatr mühitimiz üçün yenilikçi olmasını çoxdan təsdiqləyib. Hələ Akademik Milli Dram Teatrında tamaşaya qoyduğu “Müsyö  İbrahim və Quran çiçəyi” səhnə əsəri ilə. Daha sonra Akademik Rus Dram Teatrında “Mərasim”, “Mən, sən, o və telefon” tamaşalarını qurub. Son olaraq Akademik Milli Dram Teatrında “Dantenin yubileyi”ni ərsəyə gətirib.

Rusiyada yaşayıb çalışan rejissorla bu günlərdə Bakıda olarkən söhbətləşdik. Deyəsən, yeni tamaşa ilə bağlı gəlib. Bunu hələlik sirr kimi saxladı. Amma əminəm ki, yeni mövsümdə ondan növbəti maraqlı quruluş nümunəsi görəcəyik.

 

– Son olaraq “Dantenin yubileyi”ni təqdim etdiniz. Tamaşanıza bu dəfə gələndə baxdınız?

– Əslində, məşqini də etməliydim.

 

– Nəyin məşqini?

– Həmin tamaşanın. Ümumiyyətlə, hər tamaşadan öncə mütləq məşq olmalıdır. Bilmirəm burada necədir, amma Rusiyada elədir. Lap səhər idmanı kimi...

 

– Bakıya tez-tez gəlirsiniz?

– Daha çox təkliflər olanda. Əslində, indi həm də istirahətə gəlmişəm. Amma işlərimlə bağlı da müzakirələr olur.

 

– Orada daha çox darıxırsınız, yoxsa burada?

– Sankt-Peterburq və Bakı arasında elə də nəzərəçarpacaq fərqi hiss etmirəm. İnsanlar üslub, davranış, geyim baxımından çox müasir və sərbəstdirlər. Bu, yaxşı haldır.

 

– Bəs Azərbaycan teatrı? O, yetərincə çağdaşdır?

– Çətin sualdır. Mən yaxşı və pis də deyə bilərəm. Bu da baltanı kökdən vurmaq olar.

 

– Siz hər ikisi deyin.

– Problem var və onun həlli bizlik deyil. Heç olmasa, o problemin nədə olduğunu təyin edə bilsəydik, ən azı bir işıq görünərdi...

 

– Hətta problemin özünü belə təyin etməmişik?

– Təəssüf ki, yox.

 

– Kənardan baxanda bu daha qabarıq görünür, yoxsa prosesin içində olanda?

– Məsələ burasındadır ki, problem göstərilir, amma onun həlli yolları görünür.

 

– Texnologiya, robotlar əsrində sənət üçün aktual olmaq çətindir, deyilmi?

– Çox sadə məsələdir: teatr tamaşaçı üçün daim mükəmməl, keyfiyyətli, mənalı ünsiyyət yeridir. Baxın, biz indi söhbət edirik. Bu, özlüyündə kiçik bir teatr modeli dialoqdur. Bu dialoq nə qədər maraqlı alınsa, o qədər çox uzanacaq və oxunacaq. Deməli, teatr da tamaşaçısı ilə ünsiyyətinin uzunmüddətli olması üçün onunla öz dilində, özü də fərqli mövzularda maraqlı formada danışmalıdır. Axı teatr canlıdır, onun emosiyaları, münasibəti, yaddaşı, cazibəsi, təsir gücü var.

 

– Yəni ehtiyac meyarını müəyyən edən tərəf teatr olmalıdır?

– Yox, bu qarşılıqlıdır. Baxın, bütün məsələ də, dediyiniz problem də buradadır: teatr tamaşaçı ilə ünsiyyətdə monoloqa üstünlük verir. Yəni bax, anla, alqışla, get. Yaxşı, bəs hiss etmək? Tamaşaçı teatrla ünsiyyətə tamaşa etməməli, ona qarışmalıdır.

 

– Deməli, teatr cəmiyyəti maraqlandıran, onu narahat edən mövzularda tamaşalar qoymaqla onu cəlb etməli, dediyiniz ünsiyyətə çəkməlidir?

– Bəli.

 

– Yaxşı, həm də deyilir ki, klassika daim müasirdir. Yaxud teatr fərdlər üçün formalaşmış məkandır, kütləvi olduqda mahiyyəti itər...

– Yanlış yanaşmadır.

 

– Niyə? Çünki Axundzadənin,  Mirzə Cəlilin, Haqverdiyevin dram əsərlərində qoyduqları problemlər hələ də müasirdir. Deməli, biz gərək cəmiyyət olaraq, düşüncə olaraq dəyişək. Buna teatrın gücü çatmır axı.

– Teatra bu boyda missiyanı kim yükləyir? Ümumiyyətlə, teatr nəyisə dəyişmək üçün yaranmayıb. O, bir şeyi müzakirə edib, ortaya çıxarır. O həlli yox, bizim hansı problemi yaşadığımızı göstərməlidir. Onun həllini isə hərəmiz bir cür edirik. Bir növ, daxili məsələ, şüurda mülahizədir. Teatrın vəzifəsi o deyil axı cəmiyyətin problemlərini həll etsin. Heç onun gücü də çatmır. Mənə elə gəlir ki, biz hamımız aktyoruq. Özü də yaxşı aktyor. Hər şeyi başa düşürük...

 

– Bu yaxşıdır, yoxsa?...

– Onu mən tam ayırd edə bilmirəm. Hərdən hansısa tamaşa xoşuna gəlmir. Amma hiss edirsən ki, heyət tərəfindən burada böyük iş görülüb. Nə olsun, tamaşaçı kimi mənə təsir etmir. Çünki onun mövzusu, yaxud da qoyuluşu düzgün deyil. Məsələyə intuitiv baxırıq. Sözsüz ki, öncə bir açar tapılmalıdır.

 

– Məsələn, elə götürək son işiniz olan “Dantenin yubileyi”ni. Əsər teatr, sənət mühiti ilə bağlıdır. Yəni məhdud auditoriya üçün...

– Amma görün orada nə qədər oxşar talelər və hadisələr var. Özü də bir Kəbirlinskinin yox, ümumən əsərdəki personajların timsalında. Nə olsun ki, onlar teatr, aktyor sənəti ilə bağlı insanlardır.

 

– Yaxşı ki, sözü bu mövzudan saldıq. Niyə məhz Anar və “Dantenin yubileyi”?

– Ümumiyyətlə, Anarın dramaturgiyası mənə yaxındır. Onun əsərini Akademik Rus Dram Teatrında da qurmuşam. Maraqlı və material baxımından çoxşaxəlidir.

 

– Azərbaycan tamaşaçısı ilə ünsiyyət dilini tapmısınız?

– Bəli. Mənə elə gəlir ki, əsas məsələ tamaşaçını ayırmamaqdır. Dilin, auditoriyanın, mühitin heç bir fərqi yoxdur. Tamaşaçı hər yerdə tamaşaçıdır və o, teatra dincəlməyə gəlir. Əslində, tamaşaçı mühiti rejissor kimi məni qəbul edirmi, yoxsa yox, kimi sual ətrafında heç vaxt düşünmürəm. Əsas missiyam odur ki, oxuduğum, qurduğum əsər, orada qoyulan məsələni hiss edib içimdən keçirib, özüm üçün ayırd etdikdən sonra tamaşaçıya çatdırım. Bu qədər sadədir məsələ. Biz zaman-zaman müəllifin əsər vasitəsilə ortaya qoyduğu suallara, qabartdığı problemə vizual bir meydan veririk. Yəni problemi ortaya atırıq. Tamaşaçı onun haqqında düşünüb danışırsa, deməli, nəyəsə nail olmuşuq.

 

– Bütün zamanlarda teatrın, utopik də olsa, cəmiyyəti maarifləndirmək missiyası üzərində dayanırlar.

– Məncə, mənasız və izafi yükdür. Ehkamdır. Məsələni mürəkkəbləşdirdikcə nəticə də ürəkaçan olmur. Hələ baxaq görək tamaşaçı üçün o teatr nədir. Bunu biləndən sonra ona siz deyən mütərəqqi yükləri verək. Sözsüz ki, daşıya bilsə. Ya da istəsə... Biz hər gün yatır və ümid edirik ki, sabah oyanacağıq. Düzdür? Mənə elə gəlir ki, teatr bax o ümiddir. Məncə, məhz o oyadacaq.

 

– Ərşad bəy, sizcə, teatr cəmiyyəti “oyatmaq” imkanındadır?

– Yaxşı sualdır, amma cavabını mən də bilmirəm.

 

– Teatrı kütləviləşdirməkdən qaçmaq da ona vurulan zərbədir. Antik teatr kütlənin içində, yəni meydanda yarandı. Hər şey orada – o dairədə baş verdi. Sonra saraylara, möhtəşəm binalara, janrlara, üslublara, cərəyanlara bölündü. Sonra qütbləşmə baş verdi. Teatr heç də hər tamaşaçı üçün deyil kimi fikirlər ortaya atıldı...

– Biz teatr insanları cəmiyyətin teatra axınını görmək istəyirik. Sadəcə, istəyirik. Bunun üçün nə isə edirikmi, yaxud bütün gördüyümüz işlər buna xidmət edirmi? Bilmirəm. Amma sizi inandırım ki, tamaşaçı özü üçün orada nə isə maraqlı bir nəsnə tapacaqsa, gedəcək.

 

– Yəni teatr tamaşaçı üçün maraqlı olan nələrsə göstərməlidir?

– Baxır hansı maraq. Teatrın içində də əyləndirmək var. Amma əylənməyin daxilində təsir gücü olmalıdır. Yoxsa, gəldim, güldüm, əyləndim və getdim. Yox, təsir gücü, emosional yaddaş imkanı verməyən heç bir əyləncə qalıcı mahiyyət kəsb etmir. Məncə, tamaşa yalnız əyləncə üçün olmamalıdır. Orada müəyyən qədər komediya, dram, hətta faciə də ola bilər. Mən, ümumiyyətlə, tamaşanın xoşbəxt sonluqla bitməsinin tərəfdarıyam. Hətta orada faciəli məqam olsa belə. Çünki hər bir tamaşa, hər bir rol ürəkdə bir iz qoyur. Mənə elə gəlir ki, biz çıxış yolunu onsuz da axtarmalıyıq. Amma baxır necə. Biz tamaşaçı ilə aktyor arasında o cazibəni, o dərketmə yolundakı rahatlığı, o zövqü, bütünlükdə bir-biri üzərindəki qələbəni təmin etməliyik. Bəzən bu rabitə alınmır. Amma çox sadədir: tamaşaçı ilə aktyor bir yolla getməsələr də, mütləq sonda mənzilbaşına birgə çatmalıdırlar. Daha doğrusu, çatsalar yaxşı olar. Bu zaman hər ikisi məmnun olmalıdır. Bu da dediyim xoşbəxt sonluğun bir məqamıdır... Onu da deyim ki, mən çox qəmgin adamam. Tək qalmağı, hər işimi tək görməyi sevirəm.

 

– Axı kollektiv sənətlə məşğulsunuz...

– Ümumən çox ləng insan olsam da, məsələ prosesə gələndə çox sürətliyəm. Eyni zamanda qışqırsam da, hirslənsəm də, küssəm də, küsdürsəm də, prosesin birbaşa içində olmalıyam. Aktyorla o dərinliyə özüm getməliyəm. Bu, bir az qəribə bənzətmə olacaq, amma doğuluşa bənzəyir. Rejissor aktyorla az qala bir cana çevrilib bütün ağrını, yükü, dərdi, hətta dəliliyi də birgə yaşayır. Sonrakı ləzzəti almaq, o ağrıdan azad olmaq üçün...

 

– Yaxşı, quruluşçu rejissor kimi hansı janr sizə daha yaxındır?

– Son vaxtlar janr haqqında düşünmürəm. Məncə, müasir dünya teatrında da bu janr bölgüsü tendensiyası artıq yoxdur. Çünki əsas ideyanın, mövzunun ötürülməsi, tamaşaçı ilə görüşdür. Teatrı çərçivəyə salmaq olmaz. Aktyoru ampluaya salmaq ona edilən ən böyük pislikdir.

 

– Akademik Milli və Rus Dram teatrlarında bir neçə tamaşa qoymusunuz. Rol bölgüsünü gözdən keçirdikdə əsas etibarilə qəlibləşmiş aktyorlar daha çox nəzərə çarpır. Amma gəlib tamaşalarınıza baxanda bunun əksini görürük. Buna necə nail olursunuz?

– Təkcə mən yox, buna elə dediyiniz aktyorlar özləri nail olurlar. Baxın, əsər seçilir. İlkin oxunuş dediyimiz məşqlər başlayır, müzakirə edirik. Onlar istiqaməti düzgün tuturlarsa, aktyor kimi qarşılıqlı maraq yaranırsa, biz işə başlayırıq. Bu mənada, rejissordan çox şey asılıdır. Rejissor aktyoru hansı istiqamətə göndərsə, o da həmin yönə yol alacaq. Cəhd edəcək. Rejissor mütləq aktyorun daxili potensialını bilməli və bütün işini onun gücünə adekvat hesablamalıdır.

 

– Deyirdiniz ki, rejissor peşəsi yoxdur. İndi başa düşdüm hansı mərhələdən sonra o “yoxolma” başlayır.

– Bəli, onun nüvəsində də aktyor dayanır. Biz rejissor kimi aktyorla o personaja çevrilirik. Sanki birlikdə ova gedirik. Ovlaya, ovlana da bilərik (gülür). Aktyorla rejissor obrazın mahiyyətinə varıb onu öz daxilindən keçirdikdə və bu proses birlikdə baş verdikdə üfüq aydınlanır. Düzdür, bəzən rejissorun gücü tükənir. Amma aktyor sonadək gedir. Bəzən bu proses çox uzun, həm də maraqlı olur. Mən ona görə məşq prosesini tamaşadan daha çox sevirəm. Pyesi oxumağa başlayanda artıq həyəcan, gərginlik çökür. Çünki onu kadr-kadr gözümdə canlandırmalıyam. Beynimdə hər detalı belə ölçüb-biçməliyəm. Yoxsa prosesdə çətin olur. Amma bəzən əksi də olur. Çəkinmədən aktyorlarıma “yoldaşlar, biz artıq dalandayıq, gəlin, köməkləşək, ya sonadək gedək, ya da mənə vaxt verin” deyirəm.

 

– Həmişə çıxış yolu olurmu?

– Bəli, həmişə olur, yoxsa alınmaz. Üstəlik, mənzilbaşını seçmədiyin yol maraqsızdır. Çox hallarda proses zamanı anlayıram ki, nə isə baş verir. Xoşbəxtlikdən tez o məqamı tuturam. Bunu da kim edir? Yenə də aktyor. Sadəcə, Allah mənə rejissor kimi səbir və gözləmək imkanı verib. Sonadək gözləyirəm. Mən tamaşada ən çətin, ən mürəkkəb yolu, istiqaməti seçir və onun üzərində uzun-uzadı işləyirəm.

 

– Dediyiniz bütün prosesin finalı səhnədə olur...

– Bəli. Mənim müəllimim həmişə bir söz deyirdi: “Tamaşaçı sənə münasibətini ayaqları ilə göstərir. Gəlir, görür və gedir. Sonra ya gəlir, ya da gəlmir”.

 

– Tamaşaçının fikri həmişə hakimdir?

– Bütün mənalarda çox vacibdir. Məsələn, elə mövzulu əsərlər var ki, onlar müəyyən cəmiyyətlər üçündür və o tam fərqli bir zaman və məkanda qoyularsa, xələl gətirər, mental dayaqları sarsıdar. Bunun konservativlik və ya başqa məsələlərlə əlaqəsi yoxdur. Yaxşı rejissor tamaşaçının nə istədiyi ilə yox, ona nə vəd edəcəyi ətrafında düşünəndir.

 

– Rejissorun yükü çoxdur və 10 il teatrda çalışdıqdan sonra pedaqoji fəaliyyəti niyə seçdiyinizi indi anlayıram.

– Haqlısınız, 10 il teatrda, o cümlədən Sankt Peterburq şəhərindəki Fontanka Gənclər Tearında çalışdım. Bəs elədi. Elə məsələlər var ki, onlar təkcə kitablarda oxumaqla, ya da kiməsə göstərməklə bitmir. O an anladım ki, özümü ifadə üçün meydan dəyişməliyəm. Aktyor həm çox güclü, həm də incidilmiş insandır. Ona görə də mən aktyorları çox sevirəm. Onlarsız teatr, rejissor sənəti, ümumiyyətlə, səhnə ilə bağlı heç nə yoxdur. Ən istedadsız, zəif dediyimiz aktyor belə səhnəyə çıxır və bir anda yüzlərlə tamaşaçı ilə təkbətək qalır. Hər şeyə o cavab verir. Hər nə varsa, onun ətrafında baş verir. Hərçənd biz rejissorlar çox vaxt həmin o aktyorumuzu nələrdəsə qınayır, hansısa uğursuzluqda, səhnədəki xaosda günahlandırırıq. Bax, o zaman mən anladım ki, pedaqoji işlə məşğul olmalıyam. Çünki aktyor sənəti, sadəcə, 4-5 illik tədrisdən, cild-cild kitablardan, etüdlərdən, diplom tamaşalarından ibarət deyil. Daha dərindir.

 

– Tamaşanın uğuru kamerton olan aktyordadır, yoxsa?...

– Düzgün seçilən əsər və ona uyğun aktyor seçimində. Bu, rol bölgüsündən başlanır. Rejissor aktyorunun potensialından xəbərsiz olduqda bayaq dediyimiz lokomotiv işə düşəcək və bir aktyorun teatrı olacaq. Bu zaman da rejissor keçəcək üçüncü plana (gülür).

 

– Siz rejissorların klassika sevgisi, güclü əsər və aktyor uğrunda mücadiləsi də bunun məntiqi davamıdır?

– Bunu mən demədim (gülür). Rusiyadakı müəllimim deyirdi ki, əgər sən pis əsər qoysan, ən yaxşı halda tamaşan alınmayacaq, amma mükəmməl əsər, klassik nümunə hazırlasan, ən pis halda rejissor kimi işini hədəfdən yayındıracaq. Ona görə də klassikaya qaçış çoxdur. Klassika suda xilasedici həlqədir...

Söhbətləşdi: Həmidə Nizamiqızı