Bəli, mövsümün sonuna yetişdik. Özündən deyən bütün teatrlar mövsümü, demək olar ki, yeni tamaşalarla başa vurdular, gərək ki bircə Pantomima teatrından başqa. Yəni bu teatr həm janr istiqamətinə, həm də tamaşaçıların təəssüratına görə, daha çox göstərir ki, danışmır. Hərçənd onun repertuarında sözlü, mətnli tamaşalar da var…
Uzağa getsək, uzunçuluq olacaq. Qısası, kollektiv 30-cu mövsümünü “Dəli Domrul” tamaşası ilə bitirdi. Əslində, bu tamaşa təzə sayılmaz. O üzdən ki, teatr bu tamaşanı hələ 2011-ci ildə hazırlayıb, sadəcə, bu mövsüm yenidən bərpa edib.
Statistika aparsaq, məlum olar ki, “Kitabi-Dədə Qorqud” dastanının boyları arasında ən çox səhnələşdirilən elə “Duxa Qoca oğlu Dəli Domrul” boyudur. Müxtəlif illərdə Şuşa, Şəki dram teatrlarında, Bakı və Gəncə kukla teatrlarında “Dəli Domrul” səhnədə görüntülənib. Ya “Dəli Domrul”da iştirakçıların azlığı, ya boydakı əhvalatın səhnə həllinin rahat tapılma mümkünlüyü, və ya çox güman, Domrulun özünü dəliliyə vurub çox ağıllı adam kimi heç nədən pul qazanmağa cəhd etməsi, ya da dramaturq Altay Məmmədovun bu boy əsasında qələmə aldığı pyesin mövcudluğumu onu səhnəmizin qəhrəmanına çevirib… Bax, bu yerdə “Dayan!” işarəsi vermək lazımdır. Çünki Azərbaycan Dövlət Pantomima Teatrının “Dəli Domrul” tamaşası heç bir məlum pyesin əsasında olmayıb, təxminən elə bizə dastanın dilində – yəni ortaq dil kökümüz hesab edilən qədim türkcədə oynanılır.
Tamaşanın quruluşçu rejissoru və plastik həllin müəllifi Xalq artisti Bəxtiyar Xanızadə, digər rejissor isə Əməkdar artist Nargilə Qəribovadır.
Minimalizm üslubunda hazırlanmış “Dəli Domrul”da çox şey şərtidir: Dədə Qorqudun gözlərindəki saxta eynəkdən tutmuş onunla Əzrayılın eyni cür saçaqlı saqqalınadək. Hələ onu demirik ki, Dədəm Qorqud (Əli Əlizadə) da Dəli Domrulun başına gələnləri qopuz, yəni saz çalaraq çatdırmır, elə Domrulun xarakterinə uyğun gələn bir alətlə – nağaranın müşayiətilə bəyan eləyir. Dəli Domrul (Nurlan Rüstəmov) ifası ilə, görkəmi ilə, hisslərini çatdıran mimikası, səsinin çaları ilə tamaşaçıya deyir ki, o xəbərini aldığın Dəli Domrul var ha, elə mənəm ki, mənəm.
Tamaşadakı digər Nurlan, yəni haqqı nahaqqa qatmış, İlahi həqiqəti cılız bilib yolunu azan Dəli Domrulun canını almaq üçün Tanrının elçisi kimi səhnəyə çıxan gənc aktyor Nurlan Süleymanlı qədər simpatik və gülərüz (yəqin Domrul canının alınmağından qorxmasın deyə) Əzrayıl onun indiyədək gördüyümüz obrazlarından az maraqlı deyildi.
Dəli Domrulun xarakterini xırdalasaq, anlarıq ki, elə Dədə Qorqudun zamanında da ailə tərbiyəsi, daha doğrusu, tərbiyəsizliyi uşaqların davranışına, həyat tərzinə təsir edirmiş. Məsələn, Domrula təklif gəlir ki, əgər atası, ya da anası onun əvəzinə Əzrayıla can təslim edərsə, uca Tanrı bu dəliqanlının günahlarını bağışlayar. Amma nə şahmat oynayan Ata (Elxan Şahalıyev), nə də bər-bəzəyi ilə vaxt öldürən Ana (Zəhra Hüseynova) oğulları yaşasın deyə, ölməyə razı deyillər. Hətta Ata oğluna ünvan da göstərir: Anana müraciət et. Ana da elə oğul dünyaya gətirəndə o dünyanı görüb qayıtdığını yetərli sayır. Bircə variant qalır: Domrulun Halalı, iki oğulcuğunun anası yad qızı (Jalə Novruzova). Halal dediyin Hərəm də Dəli aşiqinin yaşaması naminə qurban getməyə hazır olduğunu elə bəyan edir ki…
Tanrının hökmüylə Əzrayıl onun dərgahına əliboş qayıdır. Bəs necə, qadın böyük qüvvədir! Sevən, sevgisi uğrunda ölməyə hazır qadın isə Tanrının sevimli bəndəsidir deyə, o, bu cütlüyə 140 il ömür bəxş edir! Ehhh, sonra da təəccüblənirlər ki, oğullar ananı yad qızının ayağına niyə verirlər. Can verdiyin üçün canından keçməyəcəksənsə… Nə isə, qayıdaq mətləbə.
Mətləb isə ondan ibarətdir ki, pantomimçilər “Dəli Domrul”da deyə-gülə, gülüşün qrotesk janrından istifadə etməklə bizə anlatdılar ki, çox lövğalanıb, mənəm-mənəm demə, ilahi güc və ədalət səndən qat-qat güclüdür.
Tamaşada bir düşündürücü məqam da oldu. Səhnəni simvolik olaraq iki yekə, lap elə deyək, divar kağızı boyda aşırma bloknot vərəqləri açıb bağlayırdı. Vərəqlər çevrildikcə rəssam Sənubər Səmədovanın hər epizoda uyğun təsvirlər çəkmiş olduğu həmin vərəqlərdə xeyli boş yer diqqəti cəlb edirdi. Müəllif ideyasını deyə bilmərəm, amma bir tamaşaçı olaraq mən həmin boşluqları əməllərimizin qeyd edildiyi hesabat qaiməsi kimi anladım. Axı, mimçilər bizə deyə-gülə anlatdılar ki, əməllərinizdən muğayat olun.
Haydı, siz bu türlü fikirlərə dalmaqda olun, ta bir də payızda görüşərsiniz.
Gülcahan Mirməmməd