Azərbaycan aşıq sənətinə itki üz verib. Ustad balabançı Nizami Abbasov 78 yaşında vəfat edib.
Nizami Əli oğlu Abbasov 1946-cı il iyulun 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Sənətin sirlərini dövrünün tanınmış balabançılarından olan atası Əli Abbasovdan öyrənib. 1970-ci illərdən kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb.
Nizami Abbasov uzun illər Gədəbəy rayonunda ustad sənətkar İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi “Xalq aşığı” ansamblında balabançı kimi çıxış edib. Rayon və respublika miqyaslı tədbirlərdə, folklor festivallarında, beynəlxalq tədbirlərdə aşıqları uğurla müşayiət edib. Sənətkarın Moskva, Ankara və Təbrizdə Azərbaycan aşıqları ilə birgə ifaları xüsusilə yadda qalıb. Nizami Abbasov eyni zamanda milli musiqi alətlərinin, o cümlədən balabanın hazırlanmasında zəhmət sərf edib, gənc ifaçılara ustad və müəllim kimi köməklik göstərib.
O, Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarının iştirakçısı olub, Azərbaycan Aşıqlar Birliyinin Fəxri diplomu, Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif edilib.
Ustad sənətkar Nizami Abbasovun xatirəsi onu tanıyanların, sənət yoldaşlarının qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.