Mətbuat Şurası (MŞ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə həyata keçirir. İyulun 16-da bununla bağlı ilk toplantı olub.

MŞ sədri Rəşad Məcid rəhbəri olduğu qurumun təşəbbüsünə həssas yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü ifadə edib. Bildirib ki, ölkəmizin media mühiti daim inkişafdadır, yeni seqmentlər qazanmaqdadır. Mövcud dinamika palitra zənginliyi yaradır və ortaya institusional baxış qoyulmasını zəruri edir. Bu baxımdan belə bir məlumat bazasının yaradılmasına ehtiyac var. R.Məcid layihənin icrasına göstərdiyi təşkilati dəstəyə görə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına da təşəkkürünü bildirib.

Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli layihənin media məkanındakı pərakəndəliyin aradan qalxmasına töhfə verəcəyinə, həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə bağlı ciddi təəssürat formalaşdıracağına əminliyini dilə gətirib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov da Mətbuat Şurası tərəfindən qaldırılan təşəbbüsün əhəmiyyətindən söz açıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şuranın “presscouncil.az” saytında yaradılan “Azərbaycanın media landşaftı” bölməsi haqqında məlumat verib. Burada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “I və II Qarabağ müharibələri dövründə Azərbaycan mediası” kimi altbölmələr olacaq.

MŞ idarə heyətinin üzvləri professor Qulu Məhərrəmli, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli və digər çıxış edənlər fikirlərini bölüşüb, layihənin icrası ilə bağlı təklif və qeydlərini bildiriblər.