Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə 2016-cı ilin 15 iyulunda baş vermiş hadisələrin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.

Məktubda deyilir: “Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul – “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır”.

Vurğulanır ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı: “Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi”.

Bu yaxınlarda Rəcəb Tayyib Ərdoğanla Astanadakı görüşünü, apardıqları ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayan Azərbaycan Prezidenti bildirib: “Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.