Şuşaya hər mövsümdə söz-sənət bayramı yaraşır

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) iştirakı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri keçirilir.

Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə AYB-nin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılıblar.

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın tarixi məkanlarında rəngarəng tədbirlər təşkil olunacaq.

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Şuşanı erməni işğalından azad etdikdən sonra mədəniyyət paytaxtımız yenidən “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günləri kimi möhtəşəm söz-sənət bayramlarına ev sahibliyi etməyə başlayıb.

2021-ci ilin 30 avqust tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Vaqif Poeziya Günlərinin təntənəli açılış mərasimi oldu. Tədbirdə çıxış edən dövlətimizin başçısı Şuşanın çal-çağırlı günlərinə yenidən qovuşduğunu diqqətə çatdırdı: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya 14 yanvar, bu ilin yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki ondan, o tarixdən 39 il əvvəl burada Ulu öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz 14 yanvarda mənim bura gəlməyimin çox böyük rəmzi mənası var idi və ilk səfərimdə buraya gəldim və ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. İçəridəki Vaqifin barelyefini sökmüşdülər, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, bütün başqa azad edilmiş torpaqlarda biz bunun şahidiyik və məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi, bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik...

Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”.

Bəli, dövlət başçısının bu fikirləri söylədiyi dövrdən qısa müddət – üç il keçməsinə baxmayaraq, Şuşada böyük miqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirilir. Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirib, bu il isə “İslam dünyasının mədəniyyət paytaxtı”dır.

Qədim şəhərimiz bu günlərdə (6 iyul 2024-cü il) Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etdi. Qardaş respublikaların rəhbərləri Qarabağın tacı – mədəniyyət paytaxtımızın yeni növrağına şahid oldular...

Builki Vaqif Poeziya Günləri də zəngin proqramı ilə söz-sənət beşiyi olan Şuşanın və şuşalıların həyatında əlamətdar hadisəyə çevriləcək. Çünki bu ilin mayında 32 illik həsrətdən sonra Şuşa öz sakinlərini daimi olaraq bağrına basdı. Vaqif Poeziya Günləri çərçivəsində təşkil ediləcək tədbirlərin tamaşaçıları həm də bu əsrarəngiz şəhərin əsl sahibləri, sakinləri olacaq.

***

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək  Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

42 illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur...