İyulun 17-18-də Malayziyanın Kuala-Lumpur şəhərindəki Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda (ISTAC-IIUM) “İslamofobiya və təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beynəlxalq dəyirmi masada məruzə ilə çıxış edib. O, tədbirin ikinci günündə “Birgə tərəfdaşlıqların araşdırılması” mövzusunda bölmə iclasının moderatoru olacaq.
R.Həsənov Malayziyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Ənvər İbrahimlə görüşdə iştirak edib. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Söhbət zamanı, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təcrübəsinin təbliği və islamofobiya ilə mübarizədə Mərkəzin fəaliyyətinə də xüsusi diqqət yetirilib.
Görüşə Malayziyada keçirilən “İslamofobiya və təhsil” adlı dəyirmi masanın Azərbaycan, Malayziya, Pakistan, Türkiyə, Böyük Britaniya, ABŞ və İndoneziyadan olan digər iştirakçıları, alimlər və mütəxəssislər də qatılıblar.
Qeyd edilib ki, görüşün məqsədi islamofobiya və təhsillə bağlı işçi qrupunun yaradılmasıdır. Qrup islamofobiyanın universitet nizamına uyğun olaraq təhsil sahəsinə çevrilə biləcəyini araşdıracaq. Məqsəd islamofobiya təhsilinin sistemli və strukturlaşdırılmış şəkildə inkişafına nail olmaq, bu kursu dünya universitetlərinə təqdim etməkdən ibarətdir.