AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) rəqəmsallaşdırma sahəsində görülən işlər sayəsində elektron kitab bazası zənginləşir.

Kitabxanadan bildirilib ki, Reproqrafiya şöbəsi istifadəçilərin müasir informasiya sistemindən yararlanmasını təmin etmək üçün xüsusi xidmətlər təklif edir. Almaniya istehsalı olan xüsusi “By Metis” və “Zeutschel” aparatları vasitəsilə hər növ çap məhsullarını rəqəmsallaşdırmaq mümkündür. Bu, istifadəçilərə daha geniş və rahat şəkildə elmi materiallara çıxış imkanı yaradır.

Son bir neçə ay ərzində çoxlu sayda kitab, məqalə və avtoreferat konvertasiya olunaraq PDF formatında MEK-in bazasında yerləşdirilib. Həmçinin Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən kitablar, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə ədəbiyyatlar, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadə haqqında kitablar, Qarabağ müharibəsi iştirakçıları və şəhidləri haqqında kitab, müxtəlif mövzulara aid xarici və Azərbaycan dillərində ədəbiyyat nümunələri  rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilib.

Rəqəmsallaşdırma işlərinin həyata keçirilməsi MEK-in informasiya təminatında müasir texnologiyalardan istifadəyə geniş imkanlar açır.