İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 149-cu ildönümü tamam olur. 1875-ci ilin həmin günü böyük maarifpərvər ziyalı, təbiətşünas alim  Həsən bəy Zərdabinin redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan – “Əkinçi” qəzeti nəşrə başlayıb. İki il ərzində 56 sayı işıq üzü görüb.

Bu qısa müddətdə qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özünüdərki yolunda tarixi səhifə açmağa nail olub. “Əkinçi”nin nəşrə başladığı tarix təqvimimizə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı kimi yazılıb.

***

Muzeylərin səssiz divarları arasında adətən tarix, mədəniyyət və sənətə aid izlər axtarırıq. Lakin milli mətbuatımızın səhifələri də bu məkanlarda öz yerini alır, zamana meydan oxuyan, xalqın ruhunu əks etdirən sənədlər kimi... Bu mətbuat nümunələri, bir vaxtlar geniş kütlələrə yayılmış, insanların gündəlik həyatına təsir etmiş xəbərlər, məqalələr, ədəbi əsərlər, elan və afişalardır.

Milli mətbuatımızla bağlı sənədlərin muzeylərdə nümayişi, sadəcə, kağız parçasından ibarət deyil. O, bir millətin səsinin, arzularının və mübarizələrinin aynasıdır. Bu səhifələrdə xalqın dərdi, sevinci, ümidləri, həmçinin sıxıntıları, ümidsizlikləri var...

 

Bizi deyib gələnlər...

 

Ömrünü həm də milli mətbuatımızın inkişafına həsr edən Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində bu görkəmli ədiblə yanaşı, mətbuat salnaməmizdən yadigarları qorunur. Mətbuatımızın bayramı ərəfəsində muzeydə olduq. Bu məkan, sadəcə, bir ev deyil, bir dövrün, bir xalqın düşüncələrinin və arzularının səhnəsidir. Burada milli mətbuatımızla bağlı eksponatlar xüsusi maraq doğurur. Muzeyin memorial otağındakı vitrinlərdə səliqə ilə yerləşdirilmiş qəzetlər, jurnallar və məqalələr zamanın qızıl sətirləri kimi göz qamaşdırır.

Muzeyin elmi işçisi Fazilə Hümbətova deyir ki, Mirzə Cəlilin ocağında “Molla Nəsrəddin” jurnalının bütün nömrələri qorunub saxlanılır. Jurnala abunə yazılan ölkələr xüsusi xəritədə nöqtələr şəklində göstərilib. Otağın divarında “Molla Nəsrəddin” jurnalı redaksiyasının Tiflisdə yerləşdiyi bina, mollanəsrəddinçilər – Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Cahangir Həsənov, Məmmədəli Səfərov, Məmməd Səid Ordubadi, Oskar Şmerlinq və Əzim Əzimzadənin fotoları asılıb. Burada “Molla Nəsrəddin”in ənənələrini davam etdirən “Kirpi” və “Bəhlul” satirik jurnallarının bir sıra nömrələri də nümayiş olunur.

“Molla Nəsrəddin” jurnalının saralmış səhifələri arasında Mirzə Cəlilin məqalələri, felyetonları və karikaturalar öz əzəmətini qoruyur. Bu jurnallar, bir dövrün səsi, bir xalqın dili idi. Jurnalın hər səhifəsində bir tarix yatır, hər məqalədə bir mübarizə ruhu var. Böyük ədib öz qələmi ilə xalqın problemlərini, sosial ədalətsizlikləri və maarifçilik ideyalarını vətəndaş yanğısı ilə ifadə edib. Bu yazılar muzeyin divarları arasında sanki hələ də səslənir, ziyarətçilərə o dövrün çətinliklərini və ümidlərini xatırladır. Muzeydə Cəlil Məmmədquluzadənin nigaran ruhu dolaşır. Bu nigaranlığın səbəbi işıqlı gələcəyi üçün yorulub usanmadan çalışdığı xalqının taleyidir.

Yazıçının iş masası, şəxsi əşyaları və qələmini gəzdirdiyi kağızlar arasında dolaşarkən Mirzə Cəlilin həyatına və yaradıcılığına yaxın olmağın həyəcanını yaşayırıq. Bu məkan, sadəcə, ədibin şəxsi əşyalarını deyil, onun fikir dünyasını da bizə tanıdır...

 

Sözlə fırça arasında körpü

 

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin Xatirə Muzeyi də təsviri sənət tariximizə dair eksponatlarla yanaşı, mətbuat salnaməmizin parlaq səhifələrini də əks etdirir. Əzim Əzimzadə öz fırçası ilə ictimai problemləri, sosial ədalətsizlikləri və xalqın arzularını ifadə edirdi. Muzeydə nümayiş etdirilən karikaturalar və digər əsərlər rəssamın xalqın dərdinə və sevincinə necə dərin diqqət yetirdiyini göstərir.

Əzim Əzimzadənin muzeydə nümayiş etdirilən rəsmləri ilə bu məkanda qorunan mətbu yazılar arasında etibarlı körpü görürük. Müəllifin “Molla Nəsrəddin” jurnalında yayımlanan karikaturaları bir dövrün əks-sədasıdır.

Muzeyin direktoru İradə Əzimzadə bildirir ki, vaxtilə dövrün aparıcı mətbuat orqanlarında Əzim Əzimzadənin sənət yolu ilə bağlı müxtəlif səpkili materiallar dərc olunub. Həmin informasiyaların yer aldığı qəzetlər də muzeydə qorunur: “Onu da deyim ki, 1940-cı ildə Moskvada keçirilən sərgidə Ə.Əzimzadənin 1200-ə yaxın əsəri nümayiş etdirilib. Bu haqda məlumat “Kommunist” qəzetində işıqlandırılıb. Qəzetin həmin nüsxəsi də muzeydə nümayiş etdirilir. Muzeydə qorunan maraqlı eksponatlardan biri də 1927-ci ildə rəssamın yaradıcılığının 20 illiyi münasibətilə atlaz parça üzərində həyat və yaradıcılığı ilə bağlı qeyd olunmuş məlumatlardır”.

Əzim Əzimzadənin yaratdığı hər bir rəsmdə bir məqalənin, felyetonun, satira nümunəsinin ruhu, hər bir bədii mətndə isə bir rəsmin canlılığı var. Bu əsərlər, sadəcə, bir sənətkarın işləri deyil, eyni zamanda mətbuat tariximizin dəyərli nümunələridir.

 

Sözlərin əbədiyyəti

 

Tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi də həmişə mətbuatla əməkdaşlıq edib, müxtəlif mövzu və janrlarda qələmə aldığı əsərlərini oxuculara çatdırıb. Ədibin Bakıdakı xatirə muzeyində onun mətbu fəaliyyətini əks etdirən eksponatlar da nümayiş etdirilir. Ordubadinin qələmindən çıxan hər bir yazı xalqımızın taleyinə işıq saçan sözlərin gücünü simvolizə edir.

Muzeyin baş fond mühafizi, direktor vəzifəsini müvəqqəti icra edən Rasimə Əhmədova söyləyir ki, Məmməd Səid Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də mətbu fəaliyyətində “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq xüsusi yer tutur: “Ədib jurnalın 4-cü nömrəsindən başlayaraq, yəni 25 ilə yaxın bir müddətdə dərgidə iştirak edib. “Hərdəmxəyal”, “Divanə”, “Qardaşım İbrahimə” və s. imzalarla jurnalda onlarla felyeton çap etdirib. Jurnalın həmin nömrələrindən bəziləri muzeydə qorunur. Bundan başqa, muzeyin ekspozisiya otağında M.S.Ordubadinin “Kommunist”, “Hümmət” və “Yeni yol” qəzetlərinin redaksiyalarında çəkilmiş fotoları da nümayiş olunur”.

***

Bəli, bəzi muzeylər həm də mətbuat salnaməmizin qorunduğu məkanlardır. Həmin eksponatlarla tanışlıq ziyarətçini zamanın o üzünə səyahətə aparır və dövrün hərtərəfli mənzərəsini gözlərimiz önündə canlandırır. Bu eksponatlarla tanışlıq həm də bizlərə onu gələcək nəsillərə ötürmək vəzifəsini xatırladır.

Nurəddin Məmmədli