Elm və sənət meyarlarında xüsusi prinsipiallığı ilə seçilirdi

 

Musiqişünaslıq elmimizin inkişafı və təbliğində özünəməxsus yeri olan alimlərimizdən biri də Xalq artisti, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü,  sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov olub. O, elmi fəaliyyətlə yanaşı, pedaqoq kimi yeni musiqişünaslar nəslinin yetişməsi üçün də böyük fədakarlıq göstərib. Bu il görkəmli alimin anadan olmasının 85 illiyidir.

Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) nəzdində Orta ixtisas musiqi məktəbində təhsil alıb, 1958–1960-cı illərdə konservatoriyanın İfaçılıq fakültəsinin simli alətlər şöbəsində oxuyub. 1965-ci ildə isə bu təhsil ocağını musiqişünaslıq ixtisası üzrə bitirib.

Ramiz Zöhrabov təyinatla Gəncə şəhərində Qəmbər Hüseynli adına Orta ixtisas musiqi məktəbində əmək fəaliyyətinə başlayır. 1969-cu ildə konservatoriyada pedaqoq kimi işə götürülür. O, pedaqoji fəaliyyəti dövründə tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu cəhətdən onun tərtib etdiyi tədris proqramları, yazdığı dərs vəsaitləri, dərsliklərində də özünü göstərir.

Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, baş müəllim, kafedranın müdiri işləyən Ramiz Zöhrabov 1990-cı ildən 2012-ci ilədək Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi vəzifələrində çalışır. Bu müddət ərzində vaxtının böyük bir hissəsini Azərbaycan muğamının araşdırılmasına həsr edir. Alimin “Azərbaycan muğamının nəzəri problemləri”, “Azərbaycan rəngləri”, “Muğam”, “Azərbaycan modal musiqisi” adlı elmi əsərləri musiqişünaslar üçün dəyərli masaüstü kitaba çevrilir. Eyni zamanda bəstəkarlıq istedadı olan musiqişünasın kamança və piano üçün “Monoloq”, xalq çalğı alətləri orkestri üçün “Laylay”, “Ədəbi lövhələr” süitası, Bəxtiyar Vahabzadə, Tofiq Mütəllibov, Rüfət Əhmədzadə və başqa şairlərin əsərlərinə yazdığı mahnılar maraqla qarşılanıb. O, mahnı yaradıcılığından danışarkən bu sahədəki çatışmazlıqları obyektiv şəkildə dilə gətirib: “Vaxtilə xalq mahnıları adı ilə tarixə düşən kiçik həcmli əsərlər böyük məna yükü daşıyır və bu səbəbdən də tarix onları yaşadır. Lakin indiki mahnı yaradıcılığının mətn və musiqisində düşündürücü məqamlar tapa bilmirik. Bunun səbəbi sənətə təsadüfi musiqiçi axınının olmasıdır...”.

Ramiz Zöhrabov mədəniyyətimizin himayədarı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı mədəni proqramlarda, xüsusilə də muğam müsabiqələrində yaxından iştirak edib. Prinsipial insan olan alim sənətlə bağlı heç kəsə güzəştə getməyib. Onun bu yanaşma tərzi musiqişünaslıq sahəsinin inkişafına xidmət edib. Tamaşaçıların daha çox estetik zövq alması üçün muğamın dərin qatlarına nüfuz edib, eyni zamanda yeri gəldikdə tənqidi qeydlərini də deməkdən çəkinməyib.

Ramiz Zöhrabovun musiqişünas-alim kimi yaradıcılığının bir qolu da maarifçiliklə bağlı olub. Onun televiziya və radioda müəllifi və aparıcısı olduğu “Bəstəkarlarımızın portreti”, “Sənətə həsr olunmuş ömür”, “Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə “Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti haqqında” verilişləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Görkəmli alim “Azərbaycan musiqi ədəbiyyatı”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi” adlı dərsliklərin, bəstəkarlarımızın yaradıcılığına dair 20 kitabın, 350 elmi-publisistik məqalənin, eyni zamanda bir sıra musiqi əsərlərinin müəllifidir. Onun 1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”,  “Bəstəkarlarımızın portreti” kitabları musiqi ictimaiyyətinin diqqətini çəkib. Bu gün də alimin kitabları musiqişünaslıq üzrə təhsil alan tələbələr, eləcə də müəllimlər üçün qiymətli mənbədir. Onun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları respublikamızın hüdudlarından kənarda da nəşr olunaraq təqdirlə qarşılanır.

Professor Ramiz Zöhrabovun musiqi mədəniyyətimizin inkişafı sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1990), “Xalq artisti” (2008) fəxri adlarına, “Şöhrət” (2009) ordeninə və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Ömrünü musiqişünaslıq elminin inkişafına həsr edən Ramiz Zöhrabov 24 aprel 2017-ci ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov