Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Afərin Qulamzadənin doğum günü münasibətilə xatirə tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Afərin Qulamzadənin həyat yolunu özündə əks etdirən videoçarx izlənildikdən sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın çıxışı dinlənilib. O, 44 günlük Vətən müharibəsində göstərilən igidlikdən, şanlı Qələbəmizin tarixi əhəmiyyətindən danışıb.

Sonra şəhidin ailə üzvlərinə Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Afərin Qulamzadənin portreti təqdim edilib.

Məktəblilər Vətənə və şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Sonra mərhum ifaçı, söz ustadı Elnur Valehin şəhid Afərin Qulamzadənin əziz xatirəsinə həsr etdiyi klip və digər ifaçıların şəhidlər haqqında mahnıları dinlənilib.

Afərin Qulamzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

***

Masallı rayonunun Ərkivan qəsəbəsində 2020-ci ilin Tovuz döyüşləri (12-16 iyul) zamanı düşmən təxribatının qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun xatirəsi yad edilib.

Əvvəlcə şəhidin ailə üzvləri, hərbçi yoldaşları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Sonra anım tədbiri şəhidin evində davam edib.

Şəhidin hərbçi yoldaşları – ehtiyatda olan polkovniklər Vidadi Cahangirov, Şirzad Hüseynov, mayor Zaur Əliyev, kursant yoldaşı mayor Pərviz Salayev xatirələrini bölüşüblər. Qəhrəmanın qardaşı Sücəddin Novruzov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.