Şəki şəhər Narınqala Folklor evində “Yaradıcı sənayelər” layihəsi çərçivəsində, qadınların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədilə “Zərif qadın əlləri” adlı sərgi keçirilib.
***
Masallı rayon Mərkəzi Kitabxanasında şair Azad Talışoğlunun (Azad Əkbər oğlu Quliyev; 1924–2008) 100 illiyi ilə əlaqədar “Beynəlmiləlçi və humanist şair” mövzusunda tədbir keçirilib. Bildirilib ki, şair mənalı və dolğun ədəbi yaradıcılıq nümunələri ərsəyə gətirib. O, “Çiçəkli diyar”, “Ana məhəbbəti”, “Vətən eşqi” və s. kitabların müəllifidir.
***
Astara Mərkəzi Kitabxanası Xidmət şöbəsinin əməkdaşları “Astaralı ziyalılarımızı tanıyaq” layihəsi çərçivəsində rayon sakini Məmmədova Dilarə Murtuza qızına evində kitabxana xidməti göstəriblər. Dilarə Məmmədova uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda ədəbi əsərlər qələmə alıb. “Tənha çiçəklər”, “Qartal nə üçün qıy vurur”, “Sevgi fəryadı”, “Səni düşünürəm”, “O tayda yarım qalıb” kimi nəsr nümunələri və şeirlərdən ibarət kitabların müəllifidir.
***
Biləsuvar Dövlət Rəsm Qalereyasında “Dünyamızı yaşıllaşdıraq” adlı rəsm sərgisi açılıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərgidə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, mədəniyyət işçiləri, rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgidə qalereyanın dərnək üzvlərinin çəkdikləri əsərlər yer alıb. Sonda sərgidə iştirak edənlərə fəxri fərman təqdim edilib.
***
Astara Dövlət Rəsm Qalereyasında rəssamlıq dərnəyinin fəal üzvləri üçün açıq havada sərgi-plener təşkil edilib. Rəssam F.Quliyevin təşkilatçılığı ilə keçirilən və 10 şagirdin iştirak etdiyi sərgi-plenerdə yağlı, akrilik və sulu boya vasitəsilə kətan, eləcə də kağız üzərində mənzərələr əks olunub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, dramaturq, mətbuat xadimi, pedaqoq Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illiyi ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik həcmli hekayənin böyük ustadıdır. Qori Müəllimlər Seminariyasını bitirən ədib bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə qələmə alıb. Ömər Faiq Nemanzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalını təsis etməklə güclü mətbuat ənənəsi yaradıb. Onun “Ölülər” tragikomediyası, “Anamın kitabı”, “Dəli yığıncağı” və digər pyesləri Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindəndir.