Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan biri də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında olub. Beləliklə, mədəniyyət paytaxtımız Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edilib. Ötən 4 ildə qala-şəhərimizdə təşkil olunan bu və digər tədbirlər çox möhtəşəm keçirilib. Builki Vaqif Poeziya Günləri də olduqca zəngin, çoxşaxəli formada təşkil olunub.
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi söyləyib.
“Bu il artıq bərpadan sonra dördüncü dəfədir ki, ölkəmizdə Vaqif Poeziya Günləri keçirilir. Builki tədbir Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 illik yubileyi ilə üst-üstə düşür. Bundan əlavə, 2024-cü il üçün Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu səbəbdən Azərbaycan xalqının klassik İslam mədəniyyətinə, elminə, ədəbiyyatına verdiyi böyük töhfələri əks etdirən ədəbi-bədii kompozisiyalar da tədbir çərçivəsində təqdim olunacaq. Həmçinin bu il dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunur. Belə bir yaddaqalan tarixi hadisələrin fonunda keçirilən Vaqif Poeziya Günləri olduqca əlamətdardır”, - deyə AYB-nin katibi bildirib.