Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti qurumların mütəxəssisləri ilə birgə Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və naməlum şəhid kimi dəfn olunduğu müəyyən edilən şəxslərlə bağlı araşdırmaları davam etdirir.

Dövlət Komissiyasından bildiriblər ki, daha səkkiz itkin-şəhidin kimliyi müəyyən edilib. İyulun 18-də onlardan dördünün cəsədinin qalıqları yaxınlarının, ailə üzvlərinin iştirakı ilə yenidən, öz adları ilə torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Abbasov Akif İlyas oğlunun kimliyi 31 ildən sonra müəyyənləşdirilib.

Akif Abbasov 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə döyüşdə şəhid olub. O, Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Şəhidin cəsədinin qalıqları ailəsinə təhvil verilib. Doğma kəndində vida mərasimi keçirilib. Dəfn mərasimi Gəncə Şəhidlər xiyabanında olub.

Mərasimdə Daşkəsən rayonunun və Gəncə şəhərinin icra başçıları Orxan Abbasov, Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri də Qurbanov Aydın Əsədulla oğludur.

Onun cəsədinin qalıqları iyulun 18-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

***

Bundan əlavə, kimliyi müəyyən edilən itkin-şəhidlər Yaşar Ələkbər oğlu Kərimov Neftçala rayonunun Qaramanlı kəndində, Zahid Baxış oğlu Nağıyev Ağdam rayonunun Evoğlu kəndində dəfn edilib.

İyulun 19-da isə Rəhim Əlyar oğlu Rəsulov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, İbrahim Ələşrəf oğlu Vəliyev İmişli rayonundakı Şəhidlər xiyabanında, Bəxtiyar Əliş oğlu Hümbətov Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.