Qardaş Azərbaycanın qəlbimizdə həmişə xüsusi yeri olacaq. Azərbaycanın qəhrəmanlarının doğmaları ilə görüş bizim üçün çox xoşdur.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar bu sözləri iyulun 17-də Lefkoşada İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət qrupla görüşü zamanı deyib.

Ersin Tatarın sözlərinə görə, ŞKTC ilə Azərbaycan arasında münasibətlər mühüm səviyyəyə çatıb. Bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi sayəsində əldə olunub”.

Şimali Kipr rəhbəri türk dövlətlərinin gəncləri arasında əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib: “Ölkələrimizin gənc nəsli bir-birini daha yaxşı tanımalıdır”.

Azərbaycandan gələn qonaqlara müraciət edən Ersin Tatar deyib: “Qarabağ müharibəsindəki Qələbə tarixin parlaq səhifəsi oldu.  Vətən uğrunda canından keçən şəhidlər ölmür. Biz unutmayacağıq və şəhidlərin unudulmasına imkan verməyəcəyik. Onlar doğma torpaqlarını geri qaytarmaq üçün canlarını fəda etdilər. Bu Zəfər Azərbaycanı daha da gücləndirib”.

“Zəfər” Azərbaycan Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova Azərbaycan və ŞKTC-nin ictimai strukturları arasında əlaqələrin inkişafının vacibliyini qeyd edib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin Şimali Kiprə səfəri iyulun 28-dək davam edəcək.