İyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsinin 26-cı ildönümü tamam oldu.
1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi təsis edilib. 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə agentliyin bazasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Hazırda ANAMA-nın başlıca məqsədi işğaldan azad edilən əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdir.
İşini fədakarcasına görən ANAMA “Böyük Qayıdış” yolunda əlindən gələni əsirgəmir. Bu, qurumun hər həftə və hər ay yayımladığı statistikada da öz əksini tapır. Təkcə bu ilin iyun ayı ərzində Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində piyada əleyhinə 278, tank əleyhinə 271 mina və 1695 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, ümumilikdə 5675,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.