Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 18-də İngiltərəyə işgüzar səfərə gedib.
Zirvə toplantısı Oksford şəhərində keçirilib. Dövlətimizin başçısı toplantı çərçivəsində bir sıra işgüzar görüşlər keçirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda, qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Lyuk Friden Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin vacibliyini vurğulayıb, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.
İlham Əliyev regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.
Görüşdə ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün perspektivlərin olduğu vurğulanıb.
Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Lüksemburqun hökumət başçısı bu tədbirdə iştirak etmək niyyətində olduğunu deyib.
***
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.
Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi, ölkəmizin ev sahibliyi edəcəyi COP29 ilə bağlı fikir mübadiləsi aparılıb. İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.
***
Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ölkələrimiz arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi olub. Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə (6 iyul) iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.
***
Azərbaycan Prezidenti Oksfordda Litva Prezidenti Gitanas Nauseda, Finlandiya Prezidenti Aleksandr Stubb, Çex Respublikasının Baş naziri Petr Fiala, Almaniya Kansleri Olaf Şolts ilə də görüşüb.