İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 149-cu ildönümü tamam olur. 1875-ci ilin həmin günü görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan – “Əkinçi” qəzeti nəşrə başlayıb. İki il fəaliyyət göstərən qəzetin cəmi 56 sayı işıq üzü görüb. Bu qısa ömründə qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özünüdərki yolunda tarixi səhifə açmağa nail olub. “Əkinçi”nin nəşrə başladığı 22 iyul tarixi təqvimimizə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı kimi yazılıb.

“Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilib. XX əsrin əvvəllərində xalqımızın milli oyanışında, istiqlal arzularının gerçəkləşməsində mətbuatımız həmişə öndə olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub, müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, istiqlal ideyalarının yayılmasında üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib.

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövründə məlum ideoloji çərçivələrə rəğmən maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına davamlı olaraq öz töhfələrini verib.

Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayıb.

Azərbaycan mediası özünün ən çətin sınaqlarından birini, sözsüz ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi. Azərbaycanın haqlı mübarizəsinin yüksək peşəkarlıqla ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında bütün imkanları ilə səfərbər oldu. Mediamız şanlı Zəfərimizin salnaməsini yaratmaqla yanaşı, bu gün azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən həyata keçirilən böyük miqyaslı quruculuq işlərini də tarixin yaddaşına köçürür, həm də Böyük Qayıdışın salnaməsi yazılır. İllər, qərinələr keçəcək, yeni nəsillər tariximizin bu şan və şərəf mərhələsi haqqında arxiv materialına çevrilən qəzetləri səhifələyərək məlumat alacaqlar.

Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.