İyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaranmasının 26-cı ildönümü tamam oldu. 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi təsis edilib. 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə agentliyin bazasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Hazırda ANAMA-nın başlıca məqsədi işğaldan azad edilən əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdir.
Qurumun 26 yaşı Nizami Kino Mərkəzində “ANAMA” tammetrajlı sənədli filminin təqdimatı ilə qeyd edilib.
Mədəniyyət Nazirliyi və ANAMA-nın birgə təşkilatçılığı ilə keçirilən təqdimatda rəsmilər, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək filmin əhəmiyyətindən söz açıb. Bildirib ki, film 2023-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru Nadir Mehdiyevdir.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, qurumun əməkdaşları işğaldan azad olunmuş ərazilərin minalardan daha tez təmizlənməsi üçün əllərindən gələni əsirgəmirlər.
Qeyd edək ki, ANAMA-nın “Böyük Qayıdış” yolunda fəaliyyəti qurumun hər həftə və hər ay yayımladığı statistikada da öz əksini tapır. Təkcə bu ilin iyun ayı ərzində ümumilikdə 5675,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, piyada əleyhinə 278, tank əleyhinə 271 mina və 1695 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları, cəsur minaaxtaranların peşəkar və məsuliyyətli fəaliyyəti və həyatı filmin əsas süjet xəttini təşkil edir.
Lalə