Həsən bəy Zərdabi mətbuatı ekoloji şüuru necə formalaşdırırdı?
Bu ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ekoloji məsələlərin fərqli prizmalardan araşdırılması məqsədilə Medianın İnkişafı Agentliyi və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə keçirdiyi “COP29 silsilə mühazirələri” davam edir.
Milli Mətbuat Günü ərəfəsində təşkil edilən növbəti mühazirənin qonağı filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri Şəhla Abdullayeva “Həsən bəy Zərdabi mətbuatı ekoloji şüuru necə formalaşdırırdı?” mövzusunda çıxış edib.
Azərbaycan mediasında ekologiya və iqlim məsələlərinin hər zaman aktual olduğunu diqqətə çatdıran Şəhla Abdullayeva bildirib ki, görkəmli ziyalı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin bir sıra məqalələrində insanların təbiətlə münasibətlərinə geniş yer ayrılıb. Ətraf mühitin mühafizəsinə böyük önəm verən Zərdabi meşələrin havanın, torpağın keyfiyyətinə və ümumilikdə ekoloji vəziyyətə vacib təsirini “Əkinçi” qəzetinin bir sıra nömrələrində qeyd edib.
Mühazirəçi bu gün də ekoloji mühitin mühafizəsinin və təbii sərvətlərdən səmərəli istifadənin təbliğində medianın əhəmiyyətini vurğulayıb.
Ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaq məqsədi daşıyan mühazirələr davam edəcək.