İyulun 19-da Bakı Ekspo Mərkəzində dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin məqsədindən danışıb, müsabiqənin yarandığı gündən bu günə qədər hesabat təqdimatı ilə çıxış edib. O bildirib ki, builki müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Müsabiqəyə qatılan namizədlərin əksəriyyəti yeni nəsil idarəçiləridir ki, bu da ölkənin insan kapitalının inkişafı üçün mühüm göstəricidir.

Daha sonra “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış ediblər.

Mentorlar dördüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən və potensiallı kadrlar üçün yaratdığı imkanlardan danışıblar. Bu müsabiqənin gənclərin inkişafında və onların liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, 118 nəfərin mübarizə aparacağı final mərhələsi 3 gün davam edəcək və iyulun 21-də yekunlaşacaq. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.