Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” kanalında süjet yayımlanıb.

Süjetdə maestro onun musiqi yoluna təsir göstərmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə dərin bağlılığından danışıb.

Qeyd edək ki, Fuad İbrahimov eyni zamanda Münhen Filarmoniya Orkestrinin və Bakı Kamera Orkestrinin də baş dirijorudur. O, 2020-ci ilin Vətən müharibəsində erməni işğalından azad edilmiş Şuşada 2021-ci ildə yenidən keçirilən “Xarıbülbül” musiqi festivalında dirijorluq etdiyini və çoxdankı arzusunun gerçəkləşdiyini diqqətə çatdırıb.

Musiqiçi bildirib ki, qədim Şuşa şəhəri Azərbaycan mədəniyyətinə dahi bəstəkar Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlər bəxş edib. Şəhərin zəngin ədəbi-mədəni mühiti, eləcə də Fuad İbrahimovun uşaqlıq illərində baş verən hadisələr onun ilk musiqi təhsilində həlledici rol oynayıb. Görkəmli şuşalı bəstəkar Süleyman Ələsgərov tərəfindən ona skripka hədiyyə olunması da unudulmaz xatirəsidir.

Süjetdə həmçinin qeyd olunur ki, Birinci Qarabağ müharibəsinin ağır sınaqlarına və onun ailəsinin də 1992-ci ildə doğma Şuşadan məcburi köçkün düşməsinə baxmayaraq, Fuad İbrahimov musiqiyə olan sevgisi, anasının istəyi və Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində xəyallarını gerçəkləşdirməyə nail olub. Almaniyada musiqi təhsili alıb, böyük orkestrlərdə çalışıb.

Fuad İbrahimov müsahibəsində 2024-cü ilin 11-13 may tarixlərində keçirilən və bir sıra ölkələrdən musiqiçiləri bir araya gətirən, azad Şuşanın mədəni həyatını zənginləşdirən növbəti "Xarıbülbül" festivalının da əhəmiyyətini vurğulayır.

O, Şuşanın İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsindən qürur hissi keçirdiyini bildirir, gəncləri öz işini sevməyə və vicdanla yerinə yetirməyə çağırır.