Beynəlxalq konfrans keçiriləcək

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 16-17 dekabr tarixlərində “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans Nizami adına Ədəbiyyat İnstitutu, Muslim İnstitutu (Pakistan) və Türkiyat Araşdırmaları İnstitutunun (Cənubi Koreya) təşkilatçılığı ilə gerçəkləşəcək.

Asiya ədəbiyyatı dünya ədəbiyyatının mühüm bir hissəsini əhatə edərək müxtəlif milli istiqamətləri ilə zəngin ədəbi irsdir. Pakistan, Yaponiya, Cənubi Koreya, Çin, Monqolustan, İndoneziya, hind, Vyetnam, əfqan, malay və digər ölkələrin ədəbiyyatlarının öyrənilməsi Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradacaq. Bu baxımdan, Asiya xalqları ədəbiyyatının, onun ayrı-ayrı milli sahələrinin ənənəvi cəhətləri və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcək.

Konfrans “Asiya xalqları ədəbiyyatında tendensiyalar”, “Ədəbiyyatda Şərq-Qərb diskursu”, “Asiya xalqları ədəbiyyatından tərcümə problemləri”, “Asiya xalqları ədəbiyyatını araşdırma problemləri” və “Müqayisəli ədəbiyyatşünaslıq” mövzularını əhatə edəcək.

Hibrid formada (ənənəvi və onlayn iştirak) təşkil olunacaq konfransa tezislərin son göndərilmə tarixi 10 oktyabr 2024-cü il.