XV konfrans ötən beş ilə yekun vurdu, yeni rəhbərliyin isə pozitiv planları var
İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XV konfransı keçirildi. Əvvəlcə yaradıcılıq qurumunun hesabat dövründəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
İclasın sədri (Əməkdar artist Azad Şükürov) və katibi (ATXİ-nin katibi) Aida Qafarova seçildi.
ATXİ idarə heyətinin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılovun geniş məruzəsi dinlənildi. Məruzədə 2019–2024-cü illəri əhatə edən hesabat dövründə ittifaqın gördüyü işlər barədə geniş məlumat verildi. Son beş il ərzində keçirilən festivallar, xarici ölkə teatr xadimləri ilə görüşlər, yubiley tədbirləri haqqında danışan məruzəçi problemlər barədə də söz açdı. Məsələn, teatrların kommunal xərclərinin azaldılmasının, onlar üçün güzəştli ödənişlərin tətbiq edilməsinin vacibliyi vurğulandı. ATXİ-nin A.M.Şərifzadə adına Aktyor evinin əsaslı təmirə ehtiyacı olduğu və qurumun bunun üçün maliyyə imkanlarının olmadığını bildirən Hacı İsmayılov teatr sənətini sevən iş adamlarından kömək umduğunu dilə gətirdi.
Sonra təftiş komissiyasının sədri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, mandat komissiyasının sədri, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmov komissiyaların hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verdilər. Bildirildi ki, konfransa seçilmiş 75 nümayəndədən 8-i üzrlü səbəbdən tədbirdə iştirak etmir.
Daha sonra çıxışlar başladı.
İlk çıxış edən professor, sənətşünaslıq elmləri doktoru Məryəm Əlizadə bu yaradıcılıq qurumunun son dövrlərdəki fəaliyyətini müsbət dəyərləndirdi.
Bakı Bələdiyyə Teatrının baş rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov ittifaqın binası, səhnə məşqi üçün yeri olmayan bu teatra qayğısına, tamaşaların məşqinə təmənnasız şərait yaratdığına görə təşəkkür etdi.
Xalq artisti Sabir Məmmədov ATXİ-nin sədr əvəzi Hacı İsmayılovun təşəbbüsü ilə başlamış “Qonaq teatr” layihəsinin əhəmiyyətini xüsusi vurğuladı.
Dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar incəsənət xadimi Əli Əmirli də ATXİ-nin hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndirdi, yeni seçiləcək heyətə uğurlar arzuladı.
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu teatr fəaliyyətinin, teatr işçilərinin maddi-məişət vəziyyətinin yaxşılaşmasına dair təkliflərini nəzərə çatdırdı.
Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltan bölgə teatrlarının problemlərinin də ATXİ-nin yeni rəhbərliyinin diqqət mərkəzində olmasını arzuladı.
Xalq artisti İlham Namiq Kamal yaradıcılıq qurumuna himayədarların cəlb edilməsini, Aktyor evində gənclər üçün şərait və mühitin yaradılmasını arzu etdi.
Əməkdar artist Şövqi Hüseynov isə öz festival təcrübəsini bölüşmək üçün yeni seçiləcək heyətə öz köməyini təklif etdi.
“Günay” uşaq teatrının direktoru Larisa Tarasova ATXİ-nin rəhbərliyi və əməkdaşlarına teatr həvəsli uşaqlara köməyinə görə minnətdarlığını bildirdi.
Əməkdar artist Rəhman Rəhmanov yeni seçiləcək heyətdə ölkədəki 5 dövlət kukla teatrını təmsil edən bir sənət adamının da yer almasını təklif etdi.
Çıxışlar başa çatandan sonra sədr seçkisinə başlanıldı.
Açıq səsvermə ilə Xalq artisti Hacı İsmayılov yekdilliklə ATXİ idarə heyətinin sədri seçildi.
Təftiş komissiyasına Hafiz Quliyev, Firudin Məhərrəmov və Nadir Xasıyev seçildilər.
Yeni sədr Hacı İsmayılov indiyədək bu təşkilata rəhbərlik etmiş 10 teatr xadiminin varisi olmaqdan qürur duyduğunu bildirdi. Bu qurumun, Aktyor evinin bütün teatr sənətçilərinin doğma ocağına çevrilməsi üçün səylərini əsirgəməyəcəyinə söz verdi.
İttifaqın idarə heyətinin yeni tərkibi də elan edildi. Xalq artistləri Azər Zeynalov, Mərahim Fərzəlibəyov, Siyavuş Kərimi, Cənnət Səlimova və İlham Əsgərov yekdilliklə idarə heyətinin üzvü, İlham Namiq Kamal və Azad Şükürov ATXİ idarə heyəti sədrinin müavinləri vəzifəsinə təsdiq olundular.
Qeyd edək ki, konfransda mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da iştirak edirdi.
Sonda XV konfransın qərar layihəsi qəbul edildi.
G.Mirməmməd