İyulun 22-də Cəlil Məmmədquluzadənin Ev-Muzeyi və Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə böyük maarif və mətbuat fədaisi, ilk qəzetimiz “Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabinin (1842–1907) Fəxri xiyabanda məzarı başında Milli Mətbuat Günü qeyd olunub.
Tədbirdə bir sıra muzeylərin rəhbərliyi və əməkdaşları, ziyalılar, media nümayəndələri iştirak ediblər.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktor əvəzi Yeganə Məmmədova milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzeti haqqında məlumat verib, nəşrin Azərbaycanda mətbuatın inkişafındakı müstəsna rolundan danışıb.
Fəlsəfə üzrə fəlsəfə doktoru, “Miras” İctimai Birliyinin əməkdaşı Elmira Abasova Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında söz açıb.
Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddin qızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, yazıçı-publisist Nəzakət Əhmədova, şairə Çinarə Süleymanova və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.
Sonda Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktor əvəzi Rasimə Əhmədova çıxış edərək iştirakçılara təşəkkür edib.