Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə qalib qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər üçün oxu” adlı layihə əsasında klip çəkilib.
Layihənin rəhbəri, “Mədəniyyət Könüllüləri” İB-nin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə, musiqi layihəsi Azərbaycanın bütövlüyünü özündə əks etdirir.
Sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğluna, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısı İkinci Qarabağ müharibəsi qaziləri Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı tərəfindən ifa olunub.
Çəkilişlər Ağdam, Əsgəran, Xocalı, Laçın, Şuşa və Xankəndidə aparılıb.
İfaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
Yaxın vaxtlarda musiqisevərlərə təqdim olunacaq klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur.