Müvafiq monitorinq əsasında bərpa və təmizləmə işləri aparılır
Məlum olduğu kimi, təbii və digər səbəblərdən tarixi tikililər və heykəltaraşlıq nümunələri zaman-zaman korroziyaya və çirklənməyə məruz qalır. Bu da həmin abidələrin bütövlüyünə xələl gətirir, dayanıqlığına təsirsiz ötüşmür. Həmçinin müxtəlif səbəblərdən çirklənmiş abidələrin vizual olaraq görkəmində də dəyişiklik yaranır.
Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ daim diqqətdə saxlanılır. Nazirlik və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi aparılıb və bəzilərinin bərpaya ehtiyacı olduğu müəyyən edilib. İxtisaslaşmış texniki heyət tərəfindən bərpa və təmizləmə işlərinə başlanılıb. Məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır.
Layihə çərçivəsində növbəti bərpa-təmizləmə işləri dahi Azərbaycan şairi və mütəfəkkiri, bu il dövlət başçısının sərəncamı ilə 530 illiyi qeyd edilən Məhəmməd Füzulinin (1494–1556) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısındakı heykəli üzərində aparılıb.
Xatırladaq ki, şairin vəfatının 400 illiyi münasibətilə hazırlanan abidənin müəllifləri heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov, memarı Hacı Muxtarovdur.
Heykəlin yuxarı hissəsində təbii təsirlərdən baş vermiş rəng dəyişmələri və korroziyaların aradan qaldırılması, onun ilkin vəziyyətinə qaytarılması üçün təmizləmə həyata keçirilib. Sonrakı mərhələdə abidədə qaydalara uyğun şəkildə rəngləmə aparılıb. Xalq rəssamı Ömər Eldarovun məsləhətinə uyğun olaraq, abidə tünd-şabalıdı rəngə boyanıb, heykəlin yad təsirlərdən uzunmüddətli qorunması məqsədilə üzərinə qoruyucu qat çəkilib.
Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti altında texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.
***
İyulun 23-də Mirzə Ələkbər Sabirin heykəli qarşısında Mədəniyyət Nazirliyinin sözügedən layihəsi ilə bağlı media üçün ayaqüstü brifinq də təşkil olunub.
Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova jurnalistlərə açıqlamasında qeyd edib ki, monumental abidələri qorumaq və mütəmadi olaraq cari vəziyyətini təhlil etmək lazımdır. Ölkəmizdə bu sahə üzrə dünya təcrübəsindən istifadə edilir: “Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti ilə birgə paytaxtımızda yerləşən heykəltaraşlıq nümunələri təmizlənilir, ehtiyac olan abidələrdə bərpa işləri aparılır”.
Ümumilikdə 20 heykəlin təmizlənməsinin nəzərdə tutulduğunu deyən sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltaraş Fərman Qasımov bildirib ki, hazırda üç heykəl üzərində işlər yekunlaşıb. Dördüncünün üzərində son tamamlanma işləri gedir.
Heykəltaraş Orxan Nəbizadə isə deyib: “Monitorinq zamanı bir sıra abidələrin bərpaya ehtiyacı olduğunu gördük. Abidələrin əsaslı bərpası deyərkən, ilk növbədə, zahiri estetik görünüş nəzərdə tutulur”.