Eldar Mansurov: “Təəssüf ki, Azərbaycanda orkestrin ifasını lentə alacaq imkanları olan səsyazma studiyası yoxdur”

 

İncəsənət sahəsində çalışanlarla bağlı çağdaş mətbuatımızı ardıcıl izləyəndə belə bir təəssürat yaranır: sanki teatr deyəndə göz önünə aktyorlar, musiqi deyəndə müğənnilər gəlir. Müğənnilərin tanınmasının əsl səbəbkarı olan bəstəkarlar, aktyorlara rol verən rejissorlar isə bir qədər diqqətdən kənarda qalıblar. İncəsənətin digər yaradıcı insanlarını hələ demirəm. O üzdən də bu seyrəkliyi dolğunlaşdırmaq, diqqəti haqq edib nəzərdən kənar qalanlara üz tutmaq lazımdır.

Müsahibimiz son illər mətbuatda da, televiziya ekranlarında da az görünən bəstəkar, Xalq artisti Eldar Mansurovdur.

 

– Eldar müəllim, nədənsə son vaxtlar sizi az-az görürük, az-az eşidirik.

– Mən işləyirəm, yaradıcılıqdan uzaqlaşmamışam. Ötən ilin payızında filarmoniyada müəllif konsertim keçirildi. Əvvəllər də müəllif konsertlərim olub. Amma simfonik musiqidən ibarət konsertim ilk dəfə baş tuturdu. Həmin konsertdə iştirak edən bəzi adamlar məsləhət gördülər ki, bu əsərləri xaricə çıxarmaq lazımdır.

 

– Nə gözəl. Deməli, xəbər tutduğumuz Budapeşt konsertinə vəsilə olanlar varmış…

– İş belə gətirdi ki, xarici ölkədə ilk müəllif konsertim Macarıstanda oldu. Konserti Azərbaycanın Macarıstandakı Səfirliyi təşkil etmişdi. Səfir Tahir Tağızadə başda olmaqla səfirliyin bütün əməkdaşları, Azərbaycan diasporu konsertdə iştirak etdi. Onlar ölkədəki diplomatik korpusun nümayəndələrini, dövlət xadimlərini dəvət etmişdilər. Konsertə bilet də satılmışdı.

İyunun 17-də Budapeştdəki Ferens List adına salonda Solnok şəhər simfonik orkestrinin konsertində mənim əsərlərim səsləndi. Solnok balaca şəhər olsa da, çox sanballı simfonik orkestri var.  Təsəvvür edirsiniz, bu orkestr ildə təxminən 120 konsert verir. Bizim filarmoniyanın simfonik orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimov orkestri idarə etdi. Bizimlə birlikdə Əməkdar artist, Musiqili teatrın aktrisası Nərgiz Kərimova da Budapeştə getmişdi, o da mənim “Vokaliz” əsərimi orkestrin müşayiəti ilə ifa etdi.

 

– Mən konsertdən fraqmentlərə baxdım. Azərbaycan bəstəkarının əsərlərini çox bəyənmişdilər…

– Tamaşaçılar təxminən on dəqiqə alqışlayandan sonra Fuad İbrahimovun bis üçün hazırladığı bir əsərimi də orkestr ifa etdi.

Konsertdən sonra diplomatlar yaxınlaşıb təəssüratlarını bölüşdülər, Argentinanın səfiri isə heyrətlə mənim “Tanqo” əsərimi təriflədi.

Düzdür, orkestrlə cəmi üç məşqimiz olmuşdu. Proqramı elə tərtib etmişdik ki, dincləyicilər üçün maraqlı olsun, yorulmasınlar. Həm milli, həm müasir üslubda əsərləri proqrama daxil etmişdik ki, hər zövqə uyğun gəlsin. Bilirsiniz, belə bir stereotip formalaşıb ki, simfonik əsər mütləq uzun çəkməlidir, ən azı 25-30 dəqiqə çalınmalıdır. Amma elə deyil. Mən proqrama “Kosmos”  simfoniyamdan yalnız bir hissəni daxil etmişdim.

 

–  “Bəhramnamə” də var idi proqramda?

– Yox, “Bəhramnamə” üzərində yenidən işləyirəm. Onu yəqin ki, gələn il təzədən təqdim edəcəyəm. Dirijor Mustafa Mehmandarov ilə birlikdə işləyəcəyik.

 

– Yəqin ki, Macarıstanda vaxtınız yalnız məşqlə, ya da Budapeşti gəzməklə keçmədi…

– Macarıstandakı diaspor təşkilatının əsas üzvləri gənclərdir. Azərbaycan evinin rəhbəri İbrahim Səfərli bizi onlarla görüşə çağıranda məmnuniyyətlə razılaşdıq. Fuad İbrahimov onlara həm cavan baş dirijor, gözəl musiqiçi kimi sənət barədə bəhs etdi, həm də əslən şuşalı olduğu üçün də Şuşanın tarixi, musiqi mühiti barədə, işğaldan əvvəlki, işğal vaxtı, işğaldan sonra baş verənlər, görülən işlər haqqında danışdı.

 

– Siz nədən danışdınız?

– Belə deyək ki, hər şeydən. Uşaqları daha çox “Bayatılar” mahnısı maraqlandırırdı.

 

– Həqiqətən də, “Bayatılar”la maraqlanmağa dəyər. Demək olar ki, dünyanı gəzib.

– Özüm də zarafatla deyirəm ki, “Bayatılar” Arktika ilə Antarktidadan başqa dünyanın bütün qitələrində olub. Hərdən fikirləşirəm ki, “Bayatılar”ı bəstələməyim Allahın işidir. Allahın mənə verdiyi istedadı xalqımla paylaşmışam. Mən bunu qəbul edirəm ki, azərbaycanlılar niyə bu mahnını bu qədər çox sevdi. Amma xaricilərin bu mahnıya bağlanmağı adama bir qədər qəribə gəlir.

 

– İcazə verin, sizinlə razılaşmayım. Necə olur ki, bütün dünya az qala yetmiş ildir ki, yalnız bir mahnısı tanınan gənc ispan qızının bəstələdiyi “Besomo muço”nu sevə-sevə oxuyur, – heç kim qəribə qarşılamır, amma dünya “Bayatılar”ı oxuyanda qəribə olur?

– Nə bilim. Əslində, siz haqlısınız. Düzünə qalsa, gərək hamımız bir Azərbaycan mahnısının dünyanı gəzməsinə sevinməliyik. Amma hərdən görürsən ki…

 

– Siz də görün, amma baxmayın…

– Mən onsuz da başımı aşağı salıb işləyirəm. Çalışıram ki, yazdıqlarım dinləyicilərin xoşuna gəlsin.

 

– Bəs sizin üçün xoşa gəlmək meyarı var?

– Lap cavanlığımdan yazdıqlarımı hamıdan əvvəl ailə üzvlərinə dinlədərdim. Anam uzun illər mənim ilk dinləyicim olub. Gecəyarı səsyazma studiyasından evə gələndə görərdim ki, anam yatmayıb, məni gözləyir. Maqnitofonu qoşardım, qulaq asardı, sonra da deyərdi ki, filan yerini bir az dəyişsən necə olar və s. Sonralar da bu işi xanımım görməyə başladı. İndi də əsər barədə onun, övladlarımın fikrini soruşuram. Düzdür, mən yenə də öz fikrimdə qalıram, amma ətrafdakı insanların da fikrini bilmək lazımdır. 

 

– Yaxşı bədii şuranız var…

– Elədir. Amma yenə də öz əsərlərimi gərək hamıdan əvvəl özüm bəyənəm. Atamın bir sözü vardı. Deyərdi ki, səni ağlatmaq üçün gərək birinci özüm ağlayam. İnsanlara pis, zəif əsər təqdim etmək olmaz. Onlara yaxşını göstərmək lazımdır ki, həmin o yaxşını suçəkən kağız kimi özünə çəksinlər.

 

– Nədənsə təzə mahnılarınızı eşitmirik. Yazmırsınız, yoxsa geniş yayıla bilmir?

– Son illər mahnı yazmıram. Bir də ki, mənim əsas dinləyicim internet resurslarındadır. Demək olar ki, bütün əsərlərim oradadır. Son illər daha çox orkestr musiqisi, simfonik janrda əsərlər yazıram. Əsas niyyətim də budur ki, əsərlərim Azərbaycandan kənarda özünə dinləyici toplasın.

 

– Simfonik əsərlərin alətlər üçün işlənməsi də, onları lentə almaq da asan iş deyil.

– Orkestr üçün işləməni mən özüm edirəm. Həm də çalışıram ki, xarici orkestrlərlə əməkdaşlıq edim. Neçə il bundan əvvəl Xarkov, Kiyev teleradiosu orkestrləri ilə bir neçə əsərimi lentə aldırmışam. Çox təəssüf edirəm ki, Azərbaycanda orkestrin ifasını lentə alacaq imkanları olan səsyazma studiyası yoxdur. Yoxsa ki, elə öz orkestrlərimizlə əsərlərimi lentə aldırardım. Neçə sanballı musiqiçilərimiz, istedadlı dirijorlarımız var.  Bizim səsyazma studiyamız isə bərbad gündədir. Bu gün simfonik əsərlərimizi, Azərbaycan simfonizmini xaricə çıxarmaq, təbliğ etmək, tarix üçün saxlayıb qorumaqdan ötrü mütləq müasir tələblərə cavab verən səsyazma studiyamız olmalıdır. Buna görə də çalışıram ki, əsərlərimi xaricdə lentə yazdırım.

 

– Eldar müəllim, axı xaricdə də bizim ala gözümüzə, qara qaşımıza aşiq olub səsyazma studiyasının qapısını üzümüzə açmayacaqlar?...

– Elədir. Mən bütün qazandığımı elə əsərləriminin təbliğinə xərcləyirəm. İstəyirəm ki, nə yazmışamsa, qalsın. Rəqəmsal resurslarda da qalan əsərlərim yaxşı səviyyədə, sanballı orkestrlərin ifasında lentə alınıb yadigar qalsın.

 

– Budapeştdən sonra nələr olacaq?

– Mən arxı hoppanmamış bərəkallah demərəm. Olacaq, nələrsə olacaq. Təvazökar görünməsə də, deyim ki, mən heç bir konsertimin proqramını ikinci dəfə eynilə təkrarlamıram. Əsərlər nə qədər bəyənilsə də, növbəti konsertdə ən azı əsərlərin yarısını təzələyirəm.

***

Bəstəkar Eldar Mansurov onlarla populyar mahnısı ilə öz yaradıcılığını geniş auditoriyaya sevdirmiş bəstəkarlarımızdandır. Son illər isə seçdiyi yaradıcılıq istiqamətində, simfonik musiqi ölçüsündən baxanda kiçik və orta həcmli simfonik əsərlər yazmağa həvəslidir. Bəlkə də daha populyar musiqi janrlarını dinləməyə meyilli auditoriya elə Eldar müəllimin simfonik əsərləri ilə daha ciddi musiqiyə yaxınlaşacaq?

Gülcahan