Dünyaca məşhur amerikalı müğənni Teylor Sviftin ötən il başlanan “The Eras Tour” konsertləri Avropa şəhərlərində davam edir. 2023-cü ilin 17 martında ABŞ-nin Qlendeyl şəhərində (Arizona ştatı) start götürən konsert turu bütün dünyanı dolandıqdan sonra 2024-cü ilin 8 dekabrında Kanadanın Vankuver şəhərində başa çatmalıdır.

“The Eras Tour”un proqramına ümumilikdə 152 konsert daxildir və bu, dünya musiqi və şou-biznes tarixində ən genişmiqyaslı konsert turudur. Artıq 2023-cü ilin dekabrında ümumilikdə 60 konsertdən əldə olunan gəlir 1 milyard dolları aşıb və Teylor Sviftin komandası bununla ona qədər dünya rekordçusu olmuş Elton Conu geridə qoyub.

2023-cü ildə Teylor Sviftin dünya turuna 4,1 milyon bilet satılıb və hər konsertə orta hesabla 54 min tamaşaçı gəlib. Müğənninin keçən ilin 22-23 iyulunda Sietl şəhərindəki (Vaşinqton ştatı) stadionda 144 min tamaşaçının izlədiyi konserti hətta lokal zəlzələ effekti yaratmışdı. Konsertdə güclü səs sisteminin dalğaları və on minlərlə pərəstişkarın eyni anda rəqs etməsi 2,3 bal gücündə seysmik aktivliyə səbəb olmuşdu.

Bu il də müğənninin konsertlərinə böyük pərəstişkar ordusu qatılır. Hazırda “The Eras Tour”un Avropa mərhələsi davam edir. May ayında Parisdə seyrçilər qarşısına çıxan Teylor Sviftin Avropa proqramında 18 şəhər var. Konsertlər bir qayda olaraq iri stadionlarda keçirilir. Müğənninin 13-14 iyulda Milan şəhərindəki “San Siro” stadionunda keçirilən iki konsertini hər dəfə 65-70 min tamaşaçı (stadionun ümumi tutumu 75 mindir) izləyib.

İtaliyadan sonra Almaniyaya gələn pop musiqisinin kraliçası Gelzenkirxen şəhərində üç gün (17-19 iyul) çıxış edib. Onun şərəfinə konsert günlərində Rur bölgəsindəki şəhərə “Sviftkirxen” adı verilib və şəhər meri bununla bağlı bəyannamə imzalayıb. Superulduzun konsertləri Gelzenkirxenə böyük turist axını da gətirib. 23-24 iyulda Hamburqda konsertlər verən Teylor Svift 27-28 iyulda Münxen şəhərindəki “Olympiastadion”da pərəstişkarları qarşısına çıxacaq.

Müğənni avqust ayında Varşava və Vyanadan sonra beş gün Londonda çıxış edəcək. Qeyd edək ki, o, iyun ayında  Londonun “Uembli” stadionunda çıxış etmişdi və dünya turunun Avropa mərhələsini də bu məkanda tamamlamaq istəyir.

“The Eras Tour” konsert turu beş mərhələdən ibarətdir. 2023-cü ilin yaz-payızında Şimali Amerika və Latın Amerikasında konsertlər verən Teylor Svift sonra turu bu ilin fevral-mart aylarında Asiya və Avstraliyada davam etdirmişdi. Turun sonuncu, beşinci mərhələsi də bu ilin oktyabr-dekabrında Şimali Amerikada olacaq.

Müğənninin dünya turu komandasında yüzlərlə insan çalışır. Təkcə səhnə heyətində 10 instrumental və bek-vokal ifaçısı, üstəlik, 15 nəfərlik rəqs qrupu var. Bundan əlavə, ayrı-ayrı şəhərlərdəki konsertlərə məşhur ifaçı və qruplar da dəvət olunur. “The Eras Tour” konsertlərinin 34 yaşlı müğənniyə ümumilikdə 2 milyard dollaradək gəlir gətirəcəyi gözlənilir.

V.Kamal