Azərbaycan milli memarlığının inkişafına töhfələr vermiş sənətkarlarımızdan biri də Əməkdar memar, Dövlət mükafatı laureatı, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenli Rasim Əliyev olub. O, bənzərsiz əsərləri ilə memarlıq tariximizdə silinməz izlər qoyub. Bu il görkəmli memarın anadan olmasının 90 illiyidir.
Rasim Əliyev 16 iyul 1934-cü ildə Gəncə şəhərində görkəmli coğrafiyaşünas-alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. 1958-ci ildə ali təhsilini uğurla başa vurur, təyinatla “Azərdövlətlayihə” İnstitutunda əmək fəaliyyətinə başlayır. O, 1965-ci ilə qədər burada memar, daha sonra emalatxana rəhbərinin müavini vəzifəsində çalışır.
Görkəmli memar Azərbaycan şəhərlərində arxitekturanın təkmilləşdirilməsi və inkişafı üçün böyük səylər göstərir. Bakının baş memarı olduğu 14 illik (1974–1988) dövrdə paytaxtımızın müasir simasının dəyişməsi yönündə böyük əmək sərf edir. Araşdırmalarda qeyd edilir ki, ötən əsrdə Bakının sistemli və planlı inkişafı məhz onun müəllifi olduğu Baş plan əsasında həyata keçirilir. Şəhərətrafı bir çox yaşayış massivləri (Əhmədli və Yeni Günəşli, 8-ci və 9-cu mikrorayonlar) salınır.
Rasim Əliyevin ən uğurlu layihələri sırasında “Ulduz” sarayı xüsusi yer tutur. Azərbaycana gələn yüksəkvəzifəli dövlət rəsmlərinin qonaq evi kimi nəzərdə tutulan bina respublikanın rəhbəri Heydər Əliyevin göstərişi və nəzarəti altında tikilir. Sarayın memarlıq həllində daha çox milli ornamentlərə üstünlük verilir. Binanın xarici və daxili görünüşündə, sütunların bəzədilməsində milli memarlıq elementlərindən geniş istifadə edilir. Sarayın tavanına isə səkkizguşəli ulduzabənzər naxışlar vurulur.
Müstəqillik dövründə həmin layihələndirmə və inşaat işlərindən söz düşərkən Rasim Əliyev demişdi: “Üstündən neçə illər keçəndən sonra bizə məlum oldu ki, əslində, səkkizguşəli ulduzun mənası nə imiş və nəyə görə Heydər Əliyev məhz onun üstündə dayanırdı”.
Rasim Əliyevin diqqətçəkən memarlıq işlərindən biri də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin binasıdır. Memarın 1970-ci illərdə Moskva Səhiyyə Müəssisələrinin Layihələndirilməsi üzrə Aparıcı Layihə-Tədqiqat İnstitutunun mütəxəssisi Viktor Lifşitslə birgə layihələndirdiyi mərkəzin yaradılması ideyası akademik Zərifə xanım Əliyevaya məxsusdur. O vaxt bu layihəni həyata keçirmək üçün Bakının baş memarı olan Rasim Əliyev və akademik Zərifə xanım Əliyeva tikinti üçün ərazilərə yerindəcə baxış keçirir və uyğun yer seçirlər. Bakının 9-cu və 4-cü mikrorayonları arasındakı boş sahədə böyük bir oftalmoloji mərkəzin inşasına başlanılır. Ancaq həmin dövrdə mərkəzin tikintisi yarımçıq qalır. Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident Heydər Əliyevin rəhbərliyi altında tikinti başa çatdırılır.
Ömrünün böyük bir hissəsini quruculuq işlərinə həsr edən görkəmli sənətkarın zəngin memarlıq irsinə Bakı şəhərindəki teleqüllə (1996), Heydər Əliyev Beynəlxalq Hava Limanı, Hüseyn Cavid parkı, Bakı Metropoliteninin “Xalqlar dostluğu” və “Həzi Aslanov” stansiyaları da daxildir.
Onun memarlıq nümunələri paytaxtımızla məhdudlaşmır. Naxçıvan Beynəlxalq Hava Limanı, Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsi, Heydər Əliyev Muzeyi və parkı, Quba, Sabirabad, İsmayıllı və Xırdalan şəhərlərində tikilən meydan və parklar, mədəniyyət evləri, onlarla inzibati, ictimai və yaşayış binaları da sənətkarın diqqətəlayiq işlərindəndir.
Ölkəmizin Türkiyədəki səfirliyinin binasının memarlıq həlli də onun əməyinin məhsuludur. Ulu öndər Heydər Əliyevin məzarüstü abidə kompleksinin kompozisiya layihəsinin hazırlanmasında da Rasim Əliyevin imzası var. Görkəmli heykəltaraş, akademik Ömər Eldarovla birgə ərsəyə gətirilən bu əzəmətli abidə kompleksi hər iki sənətkarın böyük dövlət xadimi Heydər Əliyevə dərin ehtiramının təcəssümüdür.
Rasim Əliyev atası akademik Həsən Əliyev, anası Zərqələm Əliyeva və əmisi Heydər Əliyevin ruhlarına ehtiramla “Xatirələr” adlı kitab da yazıb. Kitabın ön söz müəllifi Xalq yazıçısı Anar nəşrin böyük bir ömrün salnaməsi olduğunu qeyd edir. Bildirir ki, kamil bir Azərbaycan ziyalısı olan Rasim Əliyevin əsərləri onun zəngin sənət həyatını əks etdirir. Görkəmli memarın müəllifi olduğu “Keçmişdən gələcəyə” kitabı da sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərini dəyərləndirərək deyib: “Onun əsərlərinin əksəriyyətində Vətənə olan məhəbbətinin təzahürləri hiss olunur. O həm də gözəl rəssamdır. Çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir”.
Şəhərsalma və memarlıq sahəsindəki xidmətləri yüksək qiymətləndirilən Rasim Əliyev “Əməkdar memar” (1979) fəxri adı, respublikanın Dövlət Mükafatı (1982), eləcə də müstəqil Azərbaycanın “Şöhrət” (2000), “Şərəf” (2009) və “İstiqlal” (2014) ordenləri ilə təltif olunub. Sənətinin şöhrəti ölkə hüdudlarını aşan Rasim Əliyev Beynəlxalq Memarlıq Akademiyası, Rusiya Memarlıq və İnşaat Akademiyası və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü olub.
Memarlığı peşəsi kimi yox, həyatı kimi qəbul edən sənətkar 13 noyabr 2021-ci ildə, ömrünün 87-ci ilində dünyasını dəyişib, I Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov