Abdulla Şaiqin 43 il yaşadığı mənzildən reportaj

 

İyulun 24-də görkəmli şair, yazıçı-dramaturq, pedaqoq, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin (1881–1959) vəfatının 65-ci ildönümü tamam oldu. Uşaqların sevimli yazarının, maarif fədaisinin xatirəsini onun mənzil-muzeyində yad etdik.

Fotoqrafımızla muzeyin yerləşdiyi Abdulla Şaiq küçəsi 21 ünvanına çatıb əməkdaşa zəng edirik. Bu zaman binada yaşayan yaşlı bir xanım dadımıza çatır. Muzeyə gəldiyimizi xəbər alır, təsdiqləyirik. Deyir çöldə gözləməyin, hava çox istidir... Təşəkkür edib binaya daxil oluruq. Uzaq keçmişin yadigarı olan ensiz pilləkənlərlə muzeyə qalxırıq.

Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli bizi səmimi qarşılayır və onun bələdçiliyində Şaiq ocağı ilə tanış oluruq. Bələdçimiz əvvəlcə muzeyin tarixi haqqında məlumat verir. Deyir ki, Abdulla Şaiq 1900-cü, bəzi mənbələrə görə isə 1901-ci ildə Tiflisdən (doğulduğu şəhər) Bakıya gəlir. Bu evdə yaşamazdan əvvəl İçərişəhərdə Mirzə Yusif adlı bir şəxsin evində kirayədə qalır. 1914-cü ildə bu evə köçür. Bu mənzilin Abdulla Şaiqə verilməsində Nəriman Nərimanovun böyük köməkliyi olub. Abdulla Şaiq 1914-cü ildən 1957-ci ilə qədər burada, 1957-ci ildən ömrünün sonuna qədər isə Hüsü Hacıyev küçəsində yazıçılara verilən binada yaşayıb.

 

– Bəs, muzey nə vaxt yaranıb?

– Muzey 1991-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı, ədibin böyük oğlu görkəmli ədəbiyyatşünas-tənqidçi, akademik Kamal Talıbzadənin təşəbbüsü ilə yaradılıb. Gördüyünüz kimi, muzeyin binası qədimdir. Təxminən 1905-ci ildə tikilib. Onu da deyim ki, bina hazırda qəzalı vəziyyətdədir.

 

– Bununla bağlı müvafiq qurumlara müraciət olunubmu?

– Bəli, muzeyin direktoru Ülkər Talıbzadə Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, bina əsaslı restavrasiya olunacaq.

 

– Bu zaman muzey fəaliyyətini necə davam etdirəcək?

– Yəqin ki, həmin vaxt bizə işləmək üçün münasib məkan veriləcək.

 

– Bu 33 ildə muzeyə kimlər rəhbərlik edib?

– Muzeyin ilk direktoru Kamal Talıbzadə olub. 2006-cı ildə Kamal müəllim rəhmətə gedib. 2006-cı ildən 2009-cu ilə qədər muzeyə Kamal müəllimin həyat yoldaşı Rəfiqə Talıbzadə rəhbərlik edib. Rəfiqə xanımdan sonra qızı Ülkər Talıbzadə muzeyin rəhbəridir.

 

Şaiqanə yad et!

 

Dörd otaqdan ibarət muzeyi gəzməyə başlayırıq. İlk olaraq muzeyin girəcəyindəki mis qablar diqqətimizi çəkir. Elminaz xanım bildirir ki, bu mis əşyaları Abdulla Şaiqgil özləri ilə Tiflisdən gətiriblər. Anası Mehri xanım bu qab-qacaqdan mətbəxdə istifadə edib.

Muzeyin “Şaiqanə yad et!” adlanan birinci otağındayıq. Otaqda Şaiqin əsərlərinin tərcümə olunmuş variantları, özünün etdiyi tərcümələr, ədibin həyat və yaradıcılığı haqqında yazılan elmi əsərlər, latın, kiril və əski əlifbada əlyazmaları və s. qorunub saxlanılır. Əsərlərə nəzər yetiririk. Onların arasında Nizaminin “İskəndərnamə” və Firdovsinin “Şahnamə” əsərləri də var. Bələdçimiz deyir: “Abdulla Şaiq Nizaminin “İskəndərmanə” əsərinin I hissəsi olan “Şərəfnamə”ni dilimizə tərcümə edib. Firdovsinin “Şahnamə”sini də dilimizə Abdulla Şaiq çevirib. Yeri gəlmişkən, Abdulla Şaiq Nizaminin “İskəndərnamə” əsərinin tərcüməsi əsasında “Sehrli üzük”, “Fitnə” və “Nüşabə” əsərlərini yazıb. Həmin əsərlərdən “Fitnə” həm də səhnələşdirilib. Onun afişası da bu otaqda nümayiş etdirilir.

 

Şaiqin doğulduğu ev

 

Otaqları dolaşmağa davam edirik. Şaiqin nəsil şəcərəsinin ağac şəklində təsvirinin qarşısında ayaq saxlayırıq.

– Abdulla Şaiqin əsli indiki Gürcüstanın Borçalı (hazırda Marneuli rayonu) mahalındandır. Onlara “axund uşaqları” deyiblər. Bu gördüyünüz nəsil şəcərəsini vaxtilə Kamal müəllim özü hazırlayıb. Ədibin qohumlarının əksəriyyəti hazırda Borçalıda yaşayır.

Bu zaman bələdçimiz diqqətimizin divardan asılmış köhnə ev şəklinə yönəldiyini görür:

– Bu ev Tiflisdə Şeytanbazar məhəlləsində yerləşirdi. Abdulla Şaiq 1881-ci il fevralın 24-də məhz bu gördüyünüz evdə anadan olub. Evin ikinci mərtəbəsində yaşayıb. Tikilinin birinci mərtəbəsində isə altısinifli “Rüşdiyyə” məktəbi yerləşirmiş. Şaiq həmin məktəbdə təhsil alıb. Atası Axund Mustafa isə məktəbin direktorunun II müavini olub, həm də orada dərs deyib.

İndi isə Şaiqin anası Mehri xanımın portretinin önündəyik. Mehri xanım Abdulla Şaiqin və digər övladlarının təhsil almasında böyük rol oynayıb. O, Şaiqi və digər övladlarını Xorasana aparır. Şaiq burada Füzulinin yaradıcılığı ilə tanış olaraq qəzəllər yazmağa başlayır...

 

Şərqi Türküstanda həlak olan qardaşından yadigar “Quran”

 

Otağın diqqətçəkən eksponatından biri də üzərində Abdulla Şaiqlə oğlu Kamal Talıbzadənin birgə təsviri olan xalçadır. Xalça 2007-ci ildə muzeyin sifarişi ilə rəssam Afət Mahmudova tərəfindən hazırlanıb. Xalçanın ətrafında Şaiqin əsərlərindən illüstrasiyalar yer alıb.

Bu isə Şaiqin qardaşı Axund Yusif Ziya Talıbzadənin portretidir. Elminaz xanım Şaiqin qardaşının acı taleyindən söz açır: “Yusif Ziya dünyanın ilk İslam xəritəsini hazırlayan şəxs olub. Onlar Xorasanda ikən dini təhsilini davam etdirib və axund rütbəsi alıb. Bundan sonra Türkiyəyə yollanır. Orada hərbi təhsil aldıqdan sonra ordu sıralarına qoşulur, mayor (minbaşı) rütbəsinə qədər yüksəlir. Sonra Azərbaycana qayıdır. Azərbaycan sovetləşəndən sonra Naxçıvana hərbi komissar göndərilir. Naxçıvanda yerli idarəçilərlə aralarında problem yaranır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub yazaraq ölkədən getmək üçün kömək istəyir. N.Nərimanovun köməkliyi ilə Şərqi Türküstana üz tutur. Burada Basmaçılar hərəkatına qoşulur. Basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur. Gördüyünüz bu qanlı cib “Quran”ı Yusif Ziya vəfat edərkən üzərindən tapılıb.

 

Şaiq 30-cu illər repressiyasından necə xilas olub?

 

Axund Yusiflə bağlı məlumatdan sonra bir sual bizi düşündürür: görəsən, repressiya illərində bütün dostları həbs edildiyi halda, nəyə görə Şaiqə toxunulmayıb? Şaiq həm də dahi şair-dramaturq Hüseyn Cavidlə yaxın dost olub... Bu sualı bələdçimizə ünvanlayırıq. 

– Abdulla Şaiqi repressiyanın qanlı pəncəsindən onun tələbələri xilas edirlər. Onun tələbələrindən yüksək vəzifə sahibi Ruhulla Axundov Şaiqi gözdən uzaqlaşsın deyə Şuşaya dərs deməyə göndərir. Digər bir tələbəsi Mirzə İbrahimov isə özünün ön sözü ilə ədibin əsərlərini nəşrinə nail olur və Şaiqi sırf sovet yazıçısı kimi təqdim edir. Beləliklə, Şaiq 30-cu illərin repressiyasından xilas olur. Bununla bağlı hətta Şaiq öz xatirələrində yazırdı ki, digər qələm yoldaşlarım kimi, çamadanım çarpayının altında hazır yatırdım ki, məni də gəlib apara bilərlər.

 

“Bəxtsiz rəfiqəmə”

 

Muzeyin qonaq otağındakı masa. Bu masa kimləri öz ətrafına toplamayıb – Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun... Hətta Şaiqlə bacanaq olan Xalq şairi Səməd Vurğunun toyu da bu evdə keçirilib.

 

– Bildiyimə görə, A.Şaiq Şahzadə xanımdan əvvəl də ailə həyatı qurub...

– Bəli, ədib Şahzadə xanımdan əvvəl Raziyə adlı xanımla ailə həyatı qurub. Raziyə xanım Şaiqin İçərişəhərdə kirayə qaldığı evin sahibi olan Mirzə Yusif adlı şəxsin qızı olub. Amma onların evlilikləri uzun sürməyib, Raziyə xanım vaxtsız vəfat edib. Həkim onlara deyib ki, Raziyə xanım əməliyyat olunsa belə, əməliyyatdan sağ çıxmayacaq. Ona görə də qərara gəlinir ki, Raziyə xanım əməliyyat olunmasın. Beləcə, gənc xanım dünyasını dəyişir. Şaiq ona “Bəxtsiz rəfiqəmə” adlı şeir həsr edir.

 

Nümunə məktəbi

 

Növbəti otağa keçirik. Burada Şaiqin pedaqoji fəaliyyəti ilə bağlı sənədlər, fotoşəkillər, dərsliklər, uşaqlar üçün yazdığı nağıllara aid rəsmlər və s. nümayiş olunur. Bələdçimiz müxtəlif dərslikləri göstərir:

– Abdulla Şaiqin müəllimliyə başladığı ilk dövrlərdə ölkəmizdə dərsliklər çatışmırdı. O, qərar gəlir ki, dərsliklər nəşr elətdirsin. Gördüyünüz həmin dərsliklərdir. 1918-ci ildə Cümhuriyyət hökuməti tərəfindən məktəblərin milliləşdirilməsi ilə bağlı qərar çıxarılır. O zaman ilk türkdilli məktəbi Abdulla Şaiq yaradır. Həmin məktəb “Şaiq nümunə məktəbi” adlanırdı. Bu adı ona Şaiqin öz tələbələri vermişdi. Bu məktəb indiki Azərbaycan Dövlət İqtisad Universiteti binasının 3-cü mərtəbəsində yerləşirdi.

Burada divardan asılmış bütün saatların əqrəblərinin eyni rəqəmin üzərində sükuta qərq olmasının səbəbini xəbər alırıq. Elminaz xanım söyləyir ki, Abdulla Şaiq 1959-cu il iyulun 24-də səhər saatlarında vəfat edib. Ona görə də muzeydəki bütün saatlar Şaiqin dünyadan köçdüyü zamanı göstərir.

 

“Masama” və “Kuzəmə”...

 

Muzeyin ən maraqlı eksponatlarından biri də ədibin iş masasıdır. Bələdçimiz bildirir ki, günlərin birində Şaiqin həyat yoldaşı Şahzadə xanım oğlu Kamala masanı dəyişmək istədiyini deyir. Bu sözü eşidən Şaiq çox məyus olur. Masa arxasında əyləşərək “Masama” şeirini qələmə alır. Şahzadə xanım bu şeiri oxuyandan sonra fikrindən daşınır.

Digər bir eksponat da diqqətimizi cəlb edir. Öyrənirik ki, Şaiqin Borçalıdan olan qohumları ona bir kuzənin içində şərab göndərir. Rəssam, qrafika ustası Nəcəfqulu İsmayılov bu kuzəni illüstrasiyalarla bəzəyir. Şaiq də öz əlyazması ilə “Kuzəmə” şeirini onun üzərinə həkk edir.

 

Şəxsi kitabxana

 

Muzeydə eksponatlarla yanaşı, içi kitablarla dolu rəf də var. Bu kitab rəfi də Abdulla Şaiqin öz dövründən yadigardır. 1903-cü ildə “Şərqi-Rus” qəzetində bir rus vətəndaş öz şəxsi kitabxanasını satması haqqında elan verir. Şaiq həmin kitabları alaraq öz evinə gətirir.

Otaqda həmçinin ədibin şəxsi əşyaları və oğlu Kamal Talıbzadənin geyimlərinin saxlanıldığı dolab da sərgilənir.

Bələdçimiz muzeydə nümayiş olunan eksponatların heç birində dəyişiklik edilmədiyini vurğulayır. Deyir ki, məqsəd Şaiqin irsinin olduğu kimi qorunaraq gələcək nəsillərə ötürülməsidir.

Sonda muzeyi ən çox kimlərin ziyarət etməsi ilə maraqlanırıq. Bəlli olur ki, şairin ocağını daha çox məktəblilər ziyarət edirlər. Çünki şair uşaqları böyük məhəbbətlə sevib, onların işıqlı gələcəyi üçün böyük fədakarlıq göstərib. Onlar muzeydəki eksponatlarla tanış olmaqla yanaşı, burada keçirilən açıq dərslərdə də iştirak edirlər. Muzeyə giriş ödənişsizdir.

Bununla da ömrünü Azərbaycan maarifinin, ədəbiyyat və mədəniyyətinin inkişafına həsr edən Abdulla Şaiqin ocağı ilə tanışlığımız başa çatır. Maarif fədaisi və mədəniyyət ocağı haqqında maraqlı məlumat verən Elminaz xanıma təşəkkür edib zəngin təəssüratla muzeydən ayrılırıq.

Nurəddin Məmmədli
Fotolar: Həbib Hüseynov