AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit arxeoloji ekspedisiyasının Qazax və Ağstafa rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Orta Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub.

Adıçəkilən dövrə aid daş məmulatların aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl Paleolit tapıntı yeri” kimi qeydə alınıb.

Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan (daş alətlərin istehsalı zamanı qopan qəlpələr) ibarətdir.

“Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua (arxeoloji daş sənayesi) nukleusun və levallua qəlpəsinin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid Paleolit tapıntı yerini aşkar etmişik”, – deyə Y.Məmmədov bildirib.