Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Şirvan” klubu istedadlı uşaqların rəsmlərindən ibarət “İstedad sorağında” adlı sərgi təşkil edib. Sərgidə klubun dərnək üzvlərinin rəsmləri nümayiş olunub.

Neftçala rayon Mərkəzi Kitabxanasında şair Nazilə Gözəlovanın “Dünya mənim deyənlər” adlı ilk şeirlər kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, uzun illər mədəniyyət sahəsində çalışan Nazilə Gözəlovanın kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.

***

Qəbələ rayon Dövlət Rəsm Qalereyası və rayon Mədəniyyət Mərkəzi tərəfindən “İstedadlı gənclər” adlı rəsm sərgisi keçirilib. Sərgidə rəngkarlıq və dekorativ-tətbiqi sənət nümunələrindən “sanama” üslubunda işlənilmiş 25 əsər nümayiş olunub.

***

Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib. Tədbirdə iştirak edən Vüqar Namazov adına körpələr evi-uşaq bağçasının balaca fidanları üçün mərkəzin muzey bölməsinə ekskursiya təşkil edilib. Balacalar nağıllar əsasında çəkilmiş cizgi filmini izləyiblər.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdləri üçün açıq havada növbəti rəsm dərsi təşkil olunub. Dərslərin yay mövsümündə mütəmadi keçirilməsi nəzərdə tutulub.

Lənkəran şəhər Mərkəzi Kitabxanasının təşəbbüsü ilə şəhər Heydər Əliyev parkında rayona gələn qonaqların, gənclərin kitabxanaya cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və insanlar arasında mütaliənin təbliğ olunması məqsədilə səyyar kitabxana xidməti təşkil edilib. Məkanda klassik və müasir yazarların kitabları nümayiş olunub.

Lerik rayon Mədəniyyət Mərkəzi və rayon Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Mədəniyyət Mərkəzində təşkil olunan və gənclərdən ibarət 8 komandanın iştirak etdiyi yarışda “Legend Qızılqaya” komandası I, “Bayraqdar” komandası II, “Oyna” komandası isə III yeri qazanıb.

***

Şəmkir rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar səyyar kitabxana xidməti təşkil edib. Xidmət zamanı məhdud fiziki imkanlı uşaqlarla görüş olub, onlar üçün evlərdə fərdi oxu saatları, kitab verilməsi təşkil edilib.

Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında 44 günlük Vətən müharibəsinin Qazax şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə doğum günləri iyul ayında qeyd olunan Vətən müharibəsi şəhidləri – baş leytenantlar Nəbi Hüseynov, Xaliddin Nəsibov, baş çavuş İsmayıl Qəsəbov və əsgər Anar Vəliyevin qısa və şərəfli ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Hazırladı: N.Məmmədli