İnsan muzeydə özünü başqa bir dünyada hiss edir. Çünki hər bir eksponat keçmişdən nələrsə nişanə verir, o dövrün insanının estetik duyumundan, həyat tərzindən nələrsə pıçıldayır. Ona görə də dünyanın hər yerində muzeylərə böyük maraq var. İlin birinci yarısında muzeylərin nə qədər ziyarətçisi olub? Bu sualla paytaxtdakı bir neçə muzeyə müraciət etdik.
Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizdə ən çox ziyarət edilən muzeylərdəndir. İlin birinci yarısında muzeyi 34154 nəfər ziyarət edib. Onlardan 3948-i əcnəbi vətəndaşlardır. Bu müddətdə muzeydə ümumilikdə 622 dəfə yerli və xarici vətəndaşlar üçün ekskursiya aparılıb.
Ötən altı ayda mədəniyyət ocağında “Muzeydə kino”, “Muzeydə musiqi”, “Uşaqlar üçün incəsənət tarixi”, fiziki məhdudiyyətli uşaqlar üçün ustad dərsləri və s. layihələr və tədbirlər təşkil olunub.
***
Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zümrüd İsmayılova qurumun ekspozisiyalarına ziyarətçi marağının artdığını və ötən illə müqayisədə bu il daha dinamikliyin olduğunu söyləyib: “İndiyədək 9 min 730 ziyarətçimiz olub. Ziyarətçilər arasında xarici ölkə vətəndaşları da var. Aprel ayında muzeyin yeni ekspozisiyası təqdim edilib. Ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlərin yadigarları nümayiş etdirilir. Muzeyə olan marağın artmasının başlıca səbəbi yeni ekspozisiyanın fəaliyyətə başlamasıdır”.
***
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın bildirdiyinə görə, birinci yarım ildə muzeyin 5668 nəfər ziyarətçisi olub. Onlardan 350 nəfəri əcnəbilər təşkil edib. Ümumilikdə muzeydə 523 ekskursiya aparılıb.
Muzeyin tabeliyində üç ev-muzeyi fəaliyyət göstərir. Ötən müddətdə Qara Qarayevin Ev-Muzeyinə 594 nəfər ziyarətçi gəlib, onlardan 44-ü xarici ziyarətçi olub, 87 ekskursiya aparılıb. Niyazinin Mənzil-Muzeyini 728 nəfər ziyarət edib, onlardan 19-u xarici ziyarətçi olub, 66 ekskursiya aparılıb.
Daha bir filial Vaqif Mustafazadənin Ev-Muzeyini isə 603 nəfər ziyarət edib. Onlardan 89-u xarici ölkədən ziyarətçi olub, 28 ekskursiya təşkil edilib. Bundan başqa, muzeydə təşkil edilən xalq çalğı alətləri daimi sərgisinin 495 ziyarətçisi olub və 20 ekskursiya aparılıb. Beləliklə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və onun filiallarına ümumilikdə 8088 ziyarətçi gəlib və onlardan 502-si xarici qonaq olub.
***
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə ziyarətçi axınında artım müşahidə edildiyini bildirib: “Orta və ali məktəblərin fəaliyyəti dövründə muzeyimizə kütləvi marağın artdığı müşahidə edilib. Turizm ölkəsinə çevrilən Azərbaycanda xarici qonaqların sayında da artım nəzərə çarpır. Muzeydə yerli və xarici qonaqlara Azərbaycan, rus və ingilis dillərində informasiyalar çatdırılır və heç bir ziyarətçi buradan məlumatsız gedə bilməz. Son altı ay ərzində muzeydə 192 ekskursiya aparılıb. Həmin müddətdə təxminən 5 minə yaxın yerli ziyarətçimiz olub. Onlardan 750-dək qonaq əcnəbi ziyarətçidir”.