İyulun 25-də Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasa Azərbaycan tərəfdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Serbiya tərəfdən bu ölkənin mədəniyyət naziri Nikola Selakoviç sədrlik ediblər.
Sahil Babayev Azərbaycan və Serbiya liderlərinin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, sosial, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə sıx münasibətlərin olduğunu diqqətə çatdırıb.
Nikola Selakoviç iqtisadi və ticari göstəricilərin yüksək səviyyədə inkişaf etdiyini deyərək qeyd edib ki, Azərbaycan və Serbiya arasında vizasız rejim mövcuddur, lakin birbaşa uçuşlar həyata keçirilmir. Bu məsələnin cari ilin sonuna qədər həll yolunu tapmalıyıq. Bu, həmçinin biznes əlaqələrinin inkişafına töhfə verə bilər.
Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında fəal əməkdaşlıq olduğunu, xüsusilə ərazi bütövlüyü məsələsində Azərbaycan və Serbiyanın bir-birini dəstəklədiyini bildirib. O, viza rejiminin aradan qaldırılmasının önəmli məsələlərdən biri olduğunu deyib.
Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ikitərəfli diplomatik münasibətlərin ənənəvi dostluq və qarşılıqlı dəstəyə əsaslandığını söyləyib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Serbiya şirkətlərinin ölkəmizdə aktiv fəaliyyət göstərdiyini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə tikinti və quruculuq işlərində Serbiya şirkətlərinin iştirakını arzuladığını söyləyib.
Serbiya İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Andrea Horvat Kralj bildirib ki, Azərbaycan investorları üçün Serbiyadakı investisiya imkanları haqqında mesaj vermək əməkdaşlığın inkişafına böyük töhfə verə bilər.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizin bərpasını həyata keçiririk. Serbiya tərəfinin bu prosesdə dəstəyindən, şübhəsiz, şad olardıq” – bunu isə komissiyanın üzvü, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Sonda komissiyanın həmsədrləri iclasın yekunlarına dair protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunub.