Dünyada dörd böyük səyyah klubundan biri olan “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin iyulun 25-də Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına növbəti səfəri başlayıb.
Məşhur səyyah Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan – ümumilikdə 13 ölkədən səyahətçilər qatılıb.
Bu, MTP klubunun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. Ümumilikdə isə Vətən müharibəsindən sonra 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib.
Həmin səfərlər azad edilmiş ərazilərdəki dağıntılar və aparılan quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqları dünyaya çatdırmaq üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada milyonlarla izləyicisi var.
MTP səyahət klubunun rəhbəri, amerikalı səyyah Çarlz Vili bu günlərdə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda da iştirak edib.
Klubun budəfəki səfəri üç gün sürəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Sonra beynəlxalq səyahətçilər Şuşaya gəliblər.