Mədəniyyət naziri Adil Kərimli iyulun 26-da serbiyalı həmkarı, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviçlə görüşüb. Serbiya heyəti komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizə səfər edib.
Qonağı salamlayan Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib. Qeyd olunub ki, mədəni əlaqələrimizin də geniş perspektivləri var, bu sahədə əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, hökumətlərarası komissiyanın iyulun 25-də gerçəkləşən iclasını yüksək qiymətləndirib.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib.
Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.