Azərbaycan əsilli görkəmli türk şair, nasir, filosof, tərcüməçi, pedaqoq Əfşar Timuçin 2024-cü ilin 26 iyul tarixində, 85 yaşında İstanbulda vəfat edib.

Əfşar Timuçin 31 avqust 1939-cu ildə Manisa vilayətinin Akhisar rayonunda anadan olub. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə (fransız dili və ədəbiyyatı bölməsi) qəbul olunub. Sonra təhsilini Kanadada davam etdirib. 1967-ci ildə Monreal Universitetinin Fəlsəfə fakültəsindən bakalavr kimi məzun olub. 1970-ci ildə isə İstanbul Universitetində doktorluq dərəcəsini tamamlayıb.

1968–1970-ci illərdə fransız dili müəllimi işləyib. 1974–2002-ci illərdə İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetində fəlsəfə, estetika, folklor, incəsənət tarixi fənlərini tədris edib. 1981-ci ildə dosent, 1992-ci ildə professor elmi adını alıb. Bir müddət Kocaeli Universitetində Fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışıb.

Əfşar Timuçin gənclik çağlarından mətbuatla yaxından əməkdaşlıq edib, şeirləri bir sıra qəzet və jurnallarda dərc olunub. Tuncer Tuğcu ilə birlikdə təsis etdiyi və ilk sayı 1972-ci ilin oktyabrında çıxan “Fəlsəfə” adlı jurnalın məsul direktoru olub.

Alim fəlsəfə, estetika, xalq yaradıcılığı, incəsənət və digər sahələr dair onlarla kitabın müəllifidir. Onun “Aristotelin fəlsəfəsi” (1976), “Nazim Hikmət poeziyası” (1978), “Dekartın fəlsəfəsinə giriş” (1980), “Estetika” (1987), “Fəlsəfə bir sevincdir” (1995), “Sevgi dialektikası” (2002) kimi araşdırma, eləcə də şeir, nəsr əsərləri və tərcümə nümunələrinin yer aldığı kitablar maraqla qarşılanıb.

Allah rəhmət eləsin.