İyulun 25-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Eldar Hüseynovun “Позывные моей души” (Ruhumun çağırışları) kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Mədəniyyət Nazirliyinin və Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq Kitabxana - Sərbəst mütaliə bölməsinin” fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaratdığını bildirib.
Qeyd edilib ki, eyni zamanda, Açıq kitabxanada yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, poeziya gecələri keçirilir. O, bu gün təqdimat mərasimi keçirilən kitabının müəllifi E.Hüseynovu təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.
Tədbirdə “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva “Ruhumun çağırışları” kitabı haqqında məlumat verib. Bildirib ki, poetik duyğuları ilə şeir dünyasının gözəlliyini oxuculara çatdıran Eldar Hüseynovun yaradıcılığında daha çox lirik şeirlərə və sonetlərə üstünlük verilib.
Təqdimat mərasimində iştirak edən Səidə Rəhimli, Yusif Hüseynov və müəllif Eldar Hüseynov kitabdan şeirlər səsləndiriblər.