Vyetnamın Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha və Hanoy Aşpazlar Assosiasiyasının direktoru Nguyen Xuan Quynh Azərbaycan Turizm və Menecment Universitetində olublar.
Universitetdən bildirilib ki, görüşdə rektor İlham Mədətov Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında qurulan dostluq əlaqələrinin tarixindən danışıb.
Rektor ölkəmizdə turizm sahəsi üzrə peşəkar kadr potensialı formalaşdırmağı hədəfləyən ATMU-nun inkişaf strategiyasında beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətini önəmli fakt kimi dəyərləndirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin inkişafı və genişləndirilməsi müstəvisində təhsil, elm, turizm sahələrinin xüsusi önəm daşıdığı qeyd olunub.
Görüş iki təhsil qurumu arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və Hanoy Ticarət və Turizm Kollecinin tanıtım təqdimatı ilə başa çatıb.