Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 25-də Nizami rayonunda yerləşən 1 nömrəli Uşaq evi sosial xidmət müəssisəsində tədbir keçirilib.
Tədbirin məqsədi mədəni-maarif müəssisələrinin uşaq evləri ilə əlaqələrini gücləndirmək, bu tipli məktəblərdə tərbiyə alan uşaq və yeniyetmələrin istirahətini, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Tədbirdə qonaq qismində iştirak edən Əməkdar artist, aktrisa və aparıcı Dilarə Əliyeva hər kəsi salamlayaraq uşaqlarla həmsöhbət olub.
Sonra Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” dram dərnəyi üzvlərinin “Yağışı sevməyən uşaq” adlı tamaşası nümayiş olunub.
Tamaşanın personajları sağlam insanlar, ekoloji sabitlik və təbiətin bizə olan hədiyyələrinin həssaslıqla qorunub gələcək nəsillərə ötürülməsi barədə söz açıblar.
Sonda uşaqlara “Təhsil” nəşriyyatı tərəfindən kitablar hədiyyə olunub.