MEMİM-in yeni layihələri
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) ölkənin mədəni həyatının inkişafı, sahəyə marağın və kadr potensialının artırılması, maarifləndirmə işi, ixtisasartırma üzrə təlim, tədris proqramlarının hazırlanması, sənət xadimləri ilə görüşlər, milli-mənəvi irsin təbliği, tədqiqi kimi çoxşaxəli fəaliyyət həyata keçirir.
Son aylarda MEMİM tərəfindən reallaşdırılan əmək qanunvericiliyi mövzusunda təlim, “Sənətkarın dostu”, “Musiqidə ədəbi dil normaları”, “Musiqinin psixoloji təsiri”, “Nəsildən-nəslə teatr” və başqa layihələr bunun göstəricisidir.
Mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanan “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda kurs MEMİM tərəfindən may-iyun aylarında Azərbaycan Milli Kitabxanasında keçirilib. Kursun təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev olub. İki aylıq təlim proqramında əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili və mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik kimi mövzular tədris edilib.
MEMİM-in Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə reallaşdırdığı “Sənətkarın dostu” layihəsi üzrə iyun ayında iki tədbir keçirilib. Fərqli yaş qruplarına aid sənətsevərlərlə sənət xadimləri arasında görüşlərin ilki (1 iyun) Üzeyir Hacıbəylinin Ev-Muzeyində Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyovanın iştirakı ilə keçirilib. Silahlı Qüvvələr Günü ərəfəsində R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan növbəti görüşün (24 iyun) qonağı hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının müəllifi və ifaçısı Şəmistan Əlizamanlı olub.
“Musiqidə ədəbi dil normaları” mövzusunda seminar elmi əhəmiyyət kəsb edən layihələrindəndir. Bu qəbildən ilk seminar (6 iyun) Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və dəstəyi ilə keçirilib.
“Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminarlar isə cəmiyyətdə bədii zövqün yüksəldilməsinə xidmət edən layihədir. Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən ilk seminara oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova, eləcə də videoformatla Türkiyədən neyro-elm mütəxəssisi, professor Sinan Canan qatılıb.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə iyulun 1-də Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və MEMİM-in birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.
MEMİM Azərbaycan incəsənətinin mühüm şaxəsini təşkil edən teatr sənətini də diqqətdən kənarda qoymur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilati dəstəyi ilə keçirilən “Nəsildən-nəslə teatr” mövzusunda tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli iyulun 9-da keçirilib. İlk panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə idi. “Nəsildən-nəslə teatr” layihəsi də silsilə xarakterli olub yeni görüşlərlə davam etdiriləcək.