Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminister Universiteti arasında “Memarlıq abidələrinin bərpası və mühafizəsi magistr proqramı” üzrə bağlanılmış ikili diplom proqramına əsasən tədrisə xarici ekspertlərin cəlb olunması prosesi davam edir.

AzMİU-dan bildiirlib ki, proses çərçivəsində universitetin rektoru professor Gülçöhrə Məmmədova Avstriyanın “Atelier Erich Pumer” şirkətinin təsisçisi və rəhbəri Erix Pumerlə görüşüb. Rektor bildirib ki, Vestminister Universiteti ilə ikili diplom müqaviləsi və bu müqavilə çərçivəsində tətbiq olunacaq qabaqcıl təcrübələr AzMİU üçün xüsusi əhəmiyyətə malikdir. AzMİU-nun ölkəmizdə memarlıq ali təhsili üzrə baza ali təhsil müəssisəsi olduğunu vurğulayan professor Gülçöhrə Məmmədova qeyd edib ki, böyük uğurlar əldə edilsə də, dünya təcrübəsinin öyrənilməsi, qabaqcıl mütəxəssislərin tədrisə cəlb edilməsi prioritet istiqamətlərdəndir. Qabaqcıl xarici mütəxəssislərin tədrisə cəlb olunmasının ümumilikdə ölkəmizin abidələrin bərpası üzrə kadr potensialının gücləndirilməsinə töhfə verəcəyini deyən rektor əlavə edib ki, bu mənada AzMİU-da Erix Pumerlə əməkdaşlığa böyük inam mövcuddur.

Erix Pumer Bakının memarlıq baxımından çox gözəl şəhər olduğuna və bu işdə AzMİU məzunlarının əməyinə diqqət çəkib. O bildirib ki, əməkdaşlıq çərçivəsində “Atelier Erich Pumer” şirkətinin və şəxsən özünün peşəkar təcrübəsini tələbələrlə bölüşməyə hazırdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “İçərişəhər”in dağılmış qala divarlarının bərpasının “Atelier Erich Pumer” şirkəti tərəfindən həyata keçirildiyini qeyd edib. Şahin Seyidzadə Erix Pumerlə əməkdaşlığın kadr hazırlığı işində böyük uğurla yola açacağına inamını ifadə edib.

Görüşdə memarlıq abidələrinin bərpası və mühafizəsi üzrə kadr potensialının gücləndirilməsi, elmi-texnoloji yeniliklər və qabaqcıl dünya təcrübəsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı yaxın günlərdə AzMİU, “Atelier Erich Pumer” şirkəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığını nəzərdə tutan üçtərəfli əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb.

Memorandum çərçivəsində “Atelier Erich Pumer” şirkətini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bərpa layihələrində AzMİU tələbələrinin iştirakı və praktik biliklər əldə etməsi mümkün olacaq.

Erix Pumer “İçərişəhər”in dağılmış qala divarları ilə yanaşı, ölkəmiz üçün bir sıra mühüm bərpa layihələrində, o cümlədən Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası işində də məsləhətçi qismində iştirak edib.