Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Gürcüstan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu Tbilisidə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli imzalayıblar.

Memoranduma iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılması, layihələrin hazırlanıb həyata keçirilməsi, zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək verilməsi, müştərək elmi konfransların və seminarların təşkili, elmi nəşrlərin mübadiləsi kimi məsələlər daxildir.

İlkin olaraq Bakıda və Tbilisidə Azərbaycan-Gürcüstan elmi əlaqələrinə həsr edilmiş konfransın keçirilməsi və akademiyaların elmi jurnallarında Azərbaycana və Gürcüstana həsr edilmiş xüsusi buraxılışının nəşri və mübadiləsi qərara alınıb.

Akademik İsa Həbibbəyli həmkarı akademik Roin Metrevelinin rəhbərlik etdiyi elmi heyətlə birlikdə Gürcüstanın Kaxetiya rayonuna da səfər edib.