Kino günümüzə həsr olunur

 

Əgər film çəkilirsə, ekran əsərində hadisələr baş verirsə, deməli, hadisənin məkanı kimi zamanı da olmalıdır. Yox, bu dəfə məqsədimiz zaman səyahətinə çıxıb tarixi mövzuda çəkilmiş bədii lentlərimiz barədə danışmaq deyil. Elə mövzumuzun qəhrəmanı – Azərbaycan Kinosu Gününün başlandığı fəsil kimi yay barədədir. Bütün filmlərdə hadisələr (hətta tam bədii təxəyyülün məhsulu olsa belə) ilin hansısa fəslində baş verir. Biz bu yazı üçün Azərbaycanda çəkilmiş filmlər arasından məhz yay fəslinin də bir obraz olaraq keçdiyi filmləri seçdik.

Filmlərin isimlərini əlifba sırası ilə izlədikcə gördük ki, yay fəslinin də əsas məqam, ya da obraz kimi təsvir edildiyi lentləri süjet baxımından iki yerə ayırmaq olar: şəhərdə, yəni Bakıda yay, bir də kənddə yay. 

Vizual yaddaşımızı təzələmək üçün mövzuya uyğun filmləri seyr edincə bir fərqi hiss etdik: Bakıda yay fəslinin təsvir olunduğu filmlərimizdə iki önəmli cəhət var: istirahət və ali məktəblərə qəbul imtahanı. Kənddə yay fəsli isə yalnız işləməklə assosiasiya olunur, hətta şəhərdən kəndə gəlib şəhərlisayaq dincəlməyə həvəs göstərənlərə isə, yumşaq desək, birtəhər baxılır.

 

“Görüş”də daha nələri görürük?...

 

Tarixi ardıcıllıqla baxsaq, yay fəslinin obraz kimi təsvir olunduğu filmlərimizdən ən qocamanı Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” filmidir (1955). Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğuna və sosializm yarışına, məhəbbətin insanın həyat tərzinə və xarakterinə təsirinə həsr olunmuş film 70 ilə yaxındır ki, sevimli ekran əsərlərimiz sırasında özünə möhkəm yer tutub. Sosialist realizmi prinsiplərinin (kənd həyatının ideallaşdırılması, əməyin insanı ucaltması) əsas götürüldüyü filmdə pambıqçılıq rayonuna aparan yollar, kənd camaatının həyəti gülün bülbülü çağırdığı gülüstan kimi təsvir edilib. Baş qəhrəman Kamilin (Arif Mirzəquliyev) günün altında tər tökərək pambıq yığdığı kadrlarda yay fəslinin pambıq rayonundakı büsatı özünü göstərir.

“Görüş” filmi həm də Tofiq Quliyevin Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi, dillər əzbəri olan mahnılarla, film qəhrəmanlarının zərb-məsələ çevrilmiş replikaları ilə sevilir. Filmdə gözəl aktyor ansamblı yığılıb: Leyla Bədirbəyli, Həsənağa Salayev (hərçənd hər ikisi oynadıqları rol üçün bir qədər yaşlı görünürlər), Əzizə Məmmədova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Məmmədəli Vəlixanlı, Mustafa Mərdanov, Müxlis Cənizadə, özbək aktrisası Nelli Ataullayeva.

 

“Qızmar günəş altında” çalışmaq o deməkdir ki...

 

Kənd həyatını yay fəslində göstərən digər maraqlı ekran əsəri “Qızmar günəş altında” (1957) filmidir. Həsən Seyidbəylinin “Kənd həkimi” povesti (ssenari müəllifi H.Seyidbəylinin özüdür) əsasında rejissor Lətif Səfərovun çəkdiyi filmdə hadisələr ölkəmizin çay yetişdirilən cənub bölgəsində baş verir. Bu filmdə yay fəslinin regiona gətirdiyi iki bəla təsvir olunub: yayın cırhacırında suyu quruyan çay və qızmar havada daha tez yayılan malyariya xəstəliyi. Kəndə su gətirmək istəyərkən qəza keçirən Eldarla  (Əfrasiyab Məmmədov) onu sağaltmağı qarşısına məqsəd qoyan həkim Aydının (Əkbər Fərzəliyev) mübarizəsi uğurla nəticələnir.

Filmdə digər aparıcı rolları görkəmli aktyorlar Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli ifa edirlər. Tofiq Quliyevin bu film üçün Ənvər Əlibəylinin sözlərinə bəstələdiyi mahnılar da uzun illər müğənnilərin repertuarından düşməyib.

 

Naringi nə vaxt yetişir?

 

Kənd həyatının yay qayğılarını pozitiv ruhda göstərən daha iki məşhur filmimiz “Əhməd hardadır?” (1963) və “Ulduz” (1964) kino lentləridir.

“Əhməd haradadır?” filmində yay fəsli tam gözəlliyi ilə əks olunub: özü də həm kənddə, həm də şəhərdə. Adil İsgəndərovun quruluş verdiyi yeganə ekran əsərində (ssenari müəllifi Sabit Rəhman) kəndin yayı tam bərəkəti (üzüm, nar bağında kadrlar) ilə, Bakıda isə insanların axşamçağı bulvarda vaxt keçirməsi ilə nəzərə çarpır. Filmdə tanınmış  aktyorlar Məmmədrza Şeyxzamanova, Nəcibə Məlikova, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Səyavuş Aslan, Töhfə Əzimova və məhz bu filmdən sonra aktyor kimi tanınacaq Elxan Qasımov, Səyavuş Şəfiyev, Novruz  Axundov, Eldəniz Zeynalov və Amaliya Pənahova çəkiliblər.

Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının (libretto: Sabit Rəhman) motivləri əsasında çəkilən “Ulduz”da (rejissor Ağarza Quliyev) hava, iqlim ilə bağlı heç bir konflikt yoxdur, əksinə, təbiətə zərbə vurmağa hazırlaşan Gülümsərov (Bəşir Səfəroğlu) və onun kimi başabəla alimə şərait yaradan kolxoz sədri Qədir (Bahadur Əliyev) ilə mübarizə var. Aqronomluq fakültəsinin tələbələri yay təcrübəsini keçmək üçün aspirant Ulduzun (Maya Rüstəmova) doğma kəndinə yollanırlar. Film boyu subtropik zonada limon və mandarin, yəni naringi bağları göstərilir. Hərçənd bu subtropik meyvələr yayda deyil, payızda yetişir. Belə bir iqlim çaşqınlığına baxmayaraq, film sevən cütlüklərin qovuşması ilə başa çatır. Filmdə Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Məmmədsadıq Nuriyev, Nəcibə Behbudova, Əzizağa Qasımov, Məleykə Ağazadə, Maya Rüstəmova, Hacımurad Yagizarov, Suğra Bağırzadə kimi məşhur aktyorlarımız çəkiliblər. 

 

Kəndə gələn var…

 

Azərbaycan filmlərində yay əhvalatlarından danışanda o qədər də tanınmayan “Şəhərli biçinçilər”in (1986) də adını çəkmək lazımdır. Ssenari müəllifi Ramiz Rövşən, quruluşçu rejissorları Əbdül Mahmudov və Hüseyn Mehdiyev olan filmdə kənddən çıxıb kəndi bəyənməyənlərin, kənd camaatının öz tanınmış həmyerlilərinə xüsusi münasibəti kimi məqamlar, insanların öz niyyətləri üzündən tələyə düşməsi kimi incə mətləblər açıqlanır. Biçənək vaxtı kənddə yaşayan kişilər fiziki cəhətdən nə kolxoz, nə də özləri üçün otçalımını çatdıra bilmirlər. Şəhərdən kişilər kəndə köməyə gəlirlər. Ön planda məşhur aktyor Səlim (Həsən Turabov) və imkanlı ailənin qızı ilə evlənmiş Mədət (Fəxrəddin Manafov) dayanır. Sədr Hümmət (Səməndər Rzayev) də biçindədir. Onların konflikti başqa bir yazının mövzusu olduğundan diqqətimizi filmdəki yay qayğılarına kökləyirik. İsti havada bəhsə girib (kim gec yorular deyə) otbiçən şəhərlilərin gizli rəqabəti, günəşin adamı yandırması, çöl çiçəklərindən çələng hörən şəhərli qızını gülə-gülə kənd adətlərini pozması da qabardılır. Filmdə Sadıq Hüseynov, Rafiq Əzimov, Sədayə Mustafayeva, Səadət Zülfiqarova, Səidə  Vəlibəyova və başqaları çəkilib.

 

Bu da kədərli yay xatirəsi

 

Bakının yay ovqatı ilə bağlı filmlərinin arasında biri də var ki, onu digərlərindən ayırmaq lazımdır. Söhbət “Var olun, qızlar…” (1972) filmindən gedir. Eldar Quliyevin lentə aldığı və ssenarisini Alla Axundova və Hüseyn Seyidzadənin yazdığı film 1958-ci ildə Abşeron çimərliklərindən birində batan dörd uşağı xilas edərkən öz həyatını itirən məktəbli Tofiq Hüseynovun xatirəsinə həsr edilib. Filmdəki əsas hadisələr həmin olayın sağ qalmış qəhrəmanlarının ətrafında cərəyan edir. Həmin qəhrəman oğlan haqqında çəkiləcək filmdə baş rola təsdiqlənmiş İsa (Rəfael Dadaşov) öz obrazını daha yaxşı duymaq və həmin hadisəni daha təsirli oynamaq üçün olay şahidləri ilə görüşür.

“Var olun, qızlar…” filmi hər yay fəslində Xəzərin insanlara yaşatdığı faciənin ekran təcəssümü baxımından da maraqlıdır.  

…İllər sonra daha bir filmdə dənizdə batmaq söhbəti yer alacaq. Xoşbəxt sonluqla bitən həmin film barədə bir qədər sonra.  

 

“Bağ mövsümü”nün təzadları

 

Əgər “Romeo mənim qonşumdur” (1963) filmində (quruluşçu rejissor Şamil Mahmudbəyov) yayın istisi, ali məktəblərə qəbul imtahanı, yay fəslində dənizə baxan eyvanda hava almaq imkanı yalnız bir neçə kadrda yer alıbsa, “Bağ mövsümü” (1985) filmindəki əsas konflikt elə yay fəslinə təsadüf edən qəbul imtahanı süjetin ana xətti ilə yanaşı inkişaf edir. Yazıçı Elçinin özünün “Dolça” povesti əsasında yazdığı ssenari üzrə çəkilmiş filmin quruluşçu rejissoru Tofiq Tağızadədir. Halal zəhmətin, yüksək mənəvi dəyərlərin təbliği, insanlar, ailələr arasında səmimiyyətin qorunması filmin əsas qayəsidir.

Bazarkom Ağamirzə (Səməndər Rzayev) oğlu Adil (Elxan Cəfərov) instituta sənəd verdiyi üçün yayı Bakıda qalmağa məcburdur. O, Adillə heç maraqlanmayan ikinci həyat yoldaşı Əminə (Leyla Şıxlinskaya), oğlu və iki balaca qızı ilə avtobus sürücüsü Ağabalanın dəniz sahilindəki evində mənzil kirayələyir. Rəssam olmaq istəyən Adilin iradəsini qıraraq tanış, pul gücünə oğlunun öz istədiyi ali məktəbə qəbul olması üçün hər gün “lazımlı adamlara” Ağabalanın həyətində kabab qonaqlığı verir. Ənənələrə sadiq kənd və hər an kənar təsirlərə məruz qalan şəhər arasında Ağabalanın ailəsindən kimsə əqidəsini dəyişməsə də, həyətin iti Toplan nəfsinə qalib gələ bilmir. İki mühit arasında qalarkən onlardan hansını seçmək? Ekran əsərinin tamaşaçıya mesajı bu olsa da, filmdə çox gözəl yay səhnələri də var: Ağabalanın övladlarının həyətdə analarına kömək etməsi, qış tədarükündə birgə çalışmaları, Toplanla dəniz sahilində əylənmələri, iki qonşu ailə – Ağabala və Ağabacı (Həsən Məmmədov, Zemfira Sadıqova) ilə Əmirqulu və Xeyransa (Ramiz Əzizbəyli, Nuriyyə Əhmədova) arasında səmimiyyət və mehribanlıq Bakı kəndlərinin yaydakı güzəranının koloritini əks etdirir. Filmdə adıçəkilən aktyorlarla yanaşı, Hacımurad Yagizarov, Hamlet Qurbanov, Mirzə Babayev, Aleksandr Şarovski kimi məşhurlar da çəkiliblər.

 

Kolorit demişkən…

 

“Baladadaşın ilk məhəbbəti” (1974) əslində, tammetrajlı bədii film yox, “Ömrün səhifələri”  kinoalmanaxındakı qısametrajlı filmlərdən biridir. Yazıçı Elçinin eyniadlı hekayəsi əsasında özünün yazdığı ssenari üzrə çəkilmiş film rejissor Fikrət Əliyevin ilk ekran işidir. Elçinin “Bağ mövsümü” filmində qabartdığı, konfliktləri sərtləşdirdiyi ziddiyyətlər “Baladadaşın ilk məhəbbəti”ndə daha yumşaq verilib. Sənət seçimini əsgərlikdən sonraya saxlamış sadəlövh kənd uşağı Baladadaş (Şamil Süleymanov) bağa köçən təzə qonşunun güləyən gözəl qızı Sevincə (Ruhəngiz Musəvi) ilk baxışdan aşiq olur. Özünü qıza göstərməkdən ötrü ağır şifoneri kürəyinə alıb daşımağa cəhd edir, onlara vedrə ilə su daşıyır. Lakin Sevincin nişanlısı (Yusif Muxtarov) ona “həyat dərsi” keçəndən sonra, Sevincin öz nişanlısına hansı səbəbdən meyil saldığını anlayır və… həyatda ona əsl fərəh yaşadacaq yolu seçir. Dəniz sahilindəki xəyali əhvalat, həyətdə açıq havada gecələmək epizodları filmə xüsusi dad qatır.

 

“Bəxt üzüyü”nün dörd bucağı

 

Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında ekranlaşdırılmış filmin quruluşçu rejissoru Ramiz Əzizbəylidir. Hadisələr, demək olar ki, bir məkanda – geniş bağ mülkündə kirayənişin qalan dörd ailənin qarşılıqlı münasibəti üzərində qurulub. Müharibə əlili Tanrıbəy dayı (Nəsir Sadıqzadə), alkoqolik Hüseyn ilə onun zəhmətkeş arvadı Sara (Ayşad Məmmədov və Gülşad Baxşıyeva), şair Moşu və uşaqlarının anası Söylü (Valeh Kərimov və Afaq Bəşirqızı), nazirlik işçisi Rasim və müğənni Seda (Rəfael Dadaşov və Firəngiz Rəhimbəyova) qonşudur. Həyat amallları, yaşam tərzləri bir-birindən tam fərqli olan bu insanlar Saranın üzüyü itənədək bir ailə kimi yaşayırlar.

Abşeron çimərliyində epizodla başlayan film artıq tamaşaçını yay ovqatına kökləyir. Söylünün əynində gecə köynəyi, başında çarqatla dənizdə suya baş vurması, uşaqların aradabir müdrik kəlam söyləyən Zırpının (Muxtar Maniyev) binoklunu götürməsi, gecəyarı qaranlığın basqısını əridən toyun avazı yay ovqatını gücləndirir. Əslində, göz yaşı içində gülüş olan “Bəxt üzüyü” ekranda yay deyərkən ilk yada düşən filmlərdəndir.  Filmdə adıçəkilən aktyorlarla yanaşı, Arif Quliyev, Cahangir Novruzov da çəkiliblər. 

 

Çin çıxan “Yuxu”da nələr görmüşdün?

 

“Var olun, qızlar…” filmindən danışarkən qeyd etmişdik ki, dənizdə batmaq söhbətinə qayıdacağıq. “Yuxu” filmi (2001, rejissor Fikrət Əliyev, ssenari müəllifləri Qasım Səfəroğlu, Fikrət Əliyev) kolorit baxımından rejissorun ilk filminə yaxındır. Yenə Bakı kəndi, yenə kənd uşağının saflığı və cəsarəti. Əliabbas (İlham Qasımov) Baladadaş deyil və öz məhəbbəti uğrunda mübarizə aparmağı, sonda da qalib gəlməyi bacarır. Düzünü desək, onun sevdiyi Bahar (Ayan Mirqasımova) da dayazdüşüncəli Sevincdən xeyli fərqlənir.

Baharın qardaşı Akif (Bəhram Bağırzadə) özü kimi harınlamış dostları ilə birlikdə Əliabbası suda batırmaq həvəsilə onun ardınca dənizə cumub oğlanı tapmayandan sonra baş verən hadisələr, Nənənin (Nəsibə Zeynalova) sahildəki fəryadı filmin əvvəlindən tamaşaçıya ötürülən xoş ovqatı pozsa da, sonrakı epizodlarda hər şey qaydasına düşür. Əliabbas, sadəcə, suyun altı ilə üzərək Akifgildən aralanıb bağ tərəfdə sahilə çıxıbmış. Film çox populyar olduğundan onun məzmununu danışmaq niyyətində deyilik. “Yuxu”da adını xatırlatdığımız aktyorlardan başqa, Səyavuş Aslan, Zərnigar Ağakişiyeva, Yaşar Nuri, Gündüz Abbasov, Kübra Dadaşova, Nəsibə Eldarova, Qorxmaz Əlili və b. çəkiliblər. 

Südsatan xəbərçi Səriyyənin (Nuriyyə Əhmədova) dilindən bütün kəndə yayılan, ağızdan-ağıza keçərək məzmunu zənginləşən adi yuxunun sonda çin çıxması kimi xoşagələn əhvalatı ekrandan seyr etmək tamaşaçıya mənəvi zövq verir, onu bu dünyada yaşamağın gözəl olduğuna inandırır. Özü də ilin hansı fəslində olması fərq etmədən.

***

Hələliksə, ekranda və həyatda, hətta “Mədəniyyət” qəzetinin səhifələrində yay əhvalatlarıdır.

Gülcahan Mirməmməd