Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, Nizami Cəfərovun “Ümumi dilçilik”, Əlistan Əkbərovun “Müasir Azərbaycan dilinin üslubiyyatı”, Rəna Mahmudovanın “Azərbaycan dilinin lüğətçilik tarixi”, Buludxan Xəlilovun “Dil mədəniyyəti”, Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” kimi 30-a qədər kitabın qısa annotasiyası, dövri mətbuat nümunələri təqdim edilir.

Bununla yanaşı kitabxanada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

***

Azərbaycan Milli Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sərgi təşkil edilib

Ənənəvi kitab sərgisində Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən nəşrlər yer alıb.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi də hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, sərəncamlar və fərmanlar, kitablar nümayiş olunur.

Avqustun 1-də Milli Kitabxanada Səbail Rayon İcra Hakimiyyəti və “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyi ilə birgə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmaylova, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Leyli Mirzəyeva, ictimai birliyinin sədri Miri Mirəliyev tədbirdə çıxış ediblər.

Gənclər Bəxtiyar Vahabzadənin “Ana dili” və Xəlil Rza Ulutürkün “Ana dilim” şeirlərini səsləndiriblər.

Tədbirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunan sərgiyə baxış keçirilib.

Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər isə bu linkə baxa bilərlər: http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm