44 günlük haqq savaşımızda hünər göstərib adını tarixə yazanlardan biri də Zaur Nizami oğlu İsmayılzadədir. O, Lənkəran rayonunun İstisu  qəsəbəsində dünyaya göz açıb. 25 yaşında əbədiyyətə qovuşan igid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü” medalı, Füzulinin, Şuşanın azad edilməsinə görə medallarla təltif olunub.

Hərbi jurnalist Ötərxan Eltac şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən kitab yazıb. Kitab ''Buğra tələsi'' adlanır.

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə kitabın təqdimatı və şəhidin anadan olmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan söz açıb.

Lənkəran şəhər icra başçısının müavini Ülviyyə Əliyeva, kitabın müəllifi Ötərxan Eltac, Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Mübariz Süleymanlı, Rafiq Abbasov və digər çıxış edənlər bizi torpaqlarımızın bütövlüyünə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından danışıblar.

Zaur İsmayılzadədən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir başa çatdıqdan sonra şəhid Zaur İsmayılzadənin məzarı ziyarət olunub.

Zəfər Orucoğlu