Tofiq Həsənsoy: “Təəssüf ki, Vaqif  Mustafazadə haqqında reallığı əks etdirməyən, sözün əsl mənasında, əfsanələr də yayılıb”

 

Bir müddət əvvəl Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı Vaqif Mustafazadənin (1940–1979) indiyədək bəlli olmayan lent yazısının üzə çıxarılması ilə bağlı məlumat vermişdik. Lent yazısında 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa etdiyi əsər Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.

Bu yenilikləri təqdim edən müğənni, caz musiqisi bilicisi, aparıcı Tofiq Həsənsoyla həmsöhbət olduq. 

 

– Vaqif Mustafazadənin ifa etdiyi əsərin lent yazısını necə aşkar etdiniz?

– Öncə onu deyim ki, Vaqif Mustafazadənin yaradıcılığı həmişə diqqətimi cəlb edib. 2015-ci ildən bu sahədə araşdırmalara başlamışam. Bu gün görkəmli musiqiçinin yaradıcılığını, işıq üzü görmüş, yaxud üzə çıxarılmamış ifalarını təhlil edəndə heyrətə gəlirik. Qısa ömür yaşamış bir sənətkar üçün bu qədər lent yazılarına malik olmaq onun necə məhsuldar işlədiyini göstərir. Onun yaradıcılığı boyu yazılan albomlardan əlavə, bu albomlara daxil olmayan, Tbilisidə, Moskvada lentə yazılmış xeyli kompozisiyaları da olub. Vaqif Mustafazadə haqqında kitab hazırladığım zaman fikirlərini öyrəndiyim müsahiblərimin bəziləri həmin melodiyaları canlı dinlədiklərini deyirlər. Vaqif Mustafazadə öz ifalarını lentə yazdırmağı sevərmiş. 1971–1977-ci illərdə “Sevil” kvarteti ilə həftədə iki dəfə Azərbaycan Televiziyasında efirə çıxarmışlar. Bu zaman onun instrumental ifaları da olurmuş. Həmin ifaları müxtəlif mənbələrdən əldə etmişəm. Məndə olan lent yazıları sırasında Gürcüstandan, Estoniyadan tapdığım və o dövrdə Azərbaycan Televiziyasında yayımlanan “Məktəblilərin musiqi klubu” verilişində gedən ifaları var. Sənətkar vəfatından iki ay əvvəl həmin verilişdə iştirak edib. Həqiqətən, çox maraqlı veriliş alınıb. Sözügedən verilişin lent yazısını Vaqif Mustafazadənin tələbəsi olmuş Ələkbər Nəzərovdan tapa bildim.

Aydın Əzimin əsərinə gəlincə, onu Vaqif Mustafazadənin qızı Əzizə xanımdan əldə etmişəm. Əzizə xanım anası ilə Almaniyada yaşayır. Biz onunla tez-tez ünsiyyətdə oluruq. Təxminən bir il əvvəl o mənim efirimdə qonaq oldu. Atasının sənətinə dərin sevgimi görüb bu barədə mənimlə ətraflı danışdı.

 

– Bu ifalarla bağlı mənbələr oxucularımız üçün də maraqlı olar...

–  Bəzi ifaları əldə etdiyim mənbə adının açıqlanmasını istəmir. Ona görə də onun istəyinə hörmətlə yanaşıram. Bu ifalar bu günə kimi heç yerdə səslənməyib. Təəccübləndirən məqam odur ki, canlı konsertdən yazılan bu lent yazılarının keyfiyyəti əla səviyyədədir. Belə görünür ki, “Tallin – 66” və “Tallin – 67” caz festivallarının səs rejissorları təqdirəlayiq işləyiblər. O dövrün lent yazısını dinləyəndə düşünürəm ki, sanki bu gün trio canlı ifa edir. Təsadüfi deyil ki, əfsanəvi caz musiqiçisi Çarlz Llyod Tallin festivalında iştirakından sonra həmin canlı konsertin lent yazısını Amerikada albom şəklində təqdim edib. Bu lent yazıları da çox təmiz yazılıb. Bu həm də ona görə əhəmiyyətlidir ki, Vaqif Mustafazadə haqqında yazılarda əsasən belə bir fikirlə rastlaşırıq: “Əfsanəvi Amerika caz tənqidçisi Luiz Konever Vaqifin ifasında dünyaşöhrətli Corc Gerşvinin “Mənim sevdiyim adam” adlı musiqisini dinləyəndən sonra deyib ki, Vaqif dünyada dinlədiyim ən lirik pianoçudur”. Yaxşı, bəs biz bu ifanı Vaqif Mustafazadənin barmaqlarında dinləmək istəyirikmi? Bəli, həmin ifa bu lent yazılarında var. Bu möcüzəvi bir axtarış oldu. Arzumdur ki, kitabla yanaşı onun heç yerdə səslənməyən bu ifalarından ibarət albomu da eyni vaxtda təqdim edək.

 

– Bəs bu tapıntıya bəstəkarın reaksiyası necə oldu? Əsər haqqında əlavə məlumat varmı?

– Qeyd etdiyim kimi, Vaqif Mustafazadəyə həsr olunan kitab üzərində işləyirəm. Çoxsaylı müsahibim var: unudulmaz sənətkarımızın müasiri olanlar, onu tanıyan musiqiçilər və digər peşə sahibləri. Onunla bir neçə dəfə görüşmüş, vaxtilə Bakıda yaşamış, hazırda Amerikada, Ukraynada, Rusiyada, Gürcüstanda olanlar var. Bu insanlarla görüşmək üçün həmin ölkələrə getdim. Eyni zamanda musiqiçi ilə bağlı çoxsaylı məqalələr əldə etdim. Milli Kitabxanada aylarla o dövrə aid mətbuatı araşdırdım. Aydın müəllimlə ötən il Bakı Musiqi Akademiyasında görüşdük. Yeri gəlmişkən, o və Vaqif Mustafazadə uşaqlıqdan bir-birini tanıyıblar, dost olublar. Ancaq onun Vaqif Mustafazadənin caz-muğam yaradıcılığına münasibəti heç də birmənalı deyil. O hesab edir ki, peşəkar baxımdan muğam və caz bir araya gələ bilməz. Caz zahirən improvizə baxımdan bəlkə də nəticə verə bilər, amma etnocaz qlobal əhəmiyyət daşımır. Vaqif Mustafazadə çox istedadlı olsa da, hələ muğamı dərindən bilmirdi. Vaxtilə bu tənqidinə görə aralarında inciklik də olubmuş. O dövrdə  “Sevil” qrupu üçün mahnı yazanlar sırasında Aydın Əzim Kərimoğlu da var. Aydın müəllimin “Aylı gecə sərin olar” mahnısını Vaqif Mustafazadənin müşayiəti ilə bu kvartet ifa etmişdi. Daha sonra kvartet bəstəkarın “Gəl-gəl, a yaz günləri” mahnısını da səsləndirir. Vaqif Mustafazadə sonradan adıçəkilən mahnının instrumental versiyasını konsertlərində ifa edirdi. Ümumiyyətlə, o, “Sevil”in bir çox mahnılarını instrumental ifada konsertlərə daxil edirdi.

Aydın müəllimin reaksiyasına gəlincə, deyim ki, bunu yaxşı qarşıladı, mənə təşəkkür etdi. Maraqlıdır ki, Aydın müəllim Vaqif Mustafazadənin caz-muğam eksperimentlərini qəbul etmədiyi halda görkəmli cazmen onun əsərini məhz bu üslubda ifa edib.

 

– Bu lent yazıları Vaqif Mustafazadənin digər ifalarından nə ilə fərqlənir?

– Bu məsələyə caz musiqisinin 1970-ci illərdəki mövqeyinə uyğun yanaşmaq lazımdır. Əgər 30-cu illərdə caz populyar musiqi idisə, insanlar ona rəqs musiqisi kimi yanaşırdılarsa, 40-50 və daha sonrakı illərdə yeni üslub qazandı, yeni mərhələlərə qədəm qoydu. Həm də müəyyən qədər intellektual səciyyə daşımağa başladı...  Yəni caz sənətinin keçdiyi inkişaf yolunu izləmədən Vaqif Mustafazadə musiqisinin dərinliyini anlamaq çətindir. Biz, sadəcə, qulağa xoş olan bəzi məqamları hiss edə bilirik. Bəzən insanlar onun sırf caz olmayan əsərlərini daha çox sevirlər. Çünki bu əsərlərdə istinad nöqtələri var: muğam, xalq musiqisi. Məsələn, “Düşüncə” və “Mart” caz əsərləri deyil. Onun sırf caz əsərləri haqqında hər kəs məlumatlı deyil. Monakoda Vaqif Mustafazadəyə qələbə qazandıran “Əzizəni gözləyərkən” kompozisiyasından bu gün az adam danışa bilər. Bu mənada sənətkarı geniş kütləyə daha yaxın edən onun caz-muğam eksperimentləridir. O, Tofiq Əhmədovun orkestrində müəyyən muğam elementlərində gəzişmələr etsə də, bu sahəyə tam daxil olmayıb. Onun bu sintezdə ifaları 1969-cu ildən başlayır. Onun birinci heyətlə ikinci heyəti arasında olan fərq ifalarında da özünü göstərib. Musiqiçi bir çox ifaçılarla çalışıb və onların əksəriyyəti ənənəvi caz ifa edirdilər. Vaqif Mustafazadə həmişə yenilik axtarışında olub. Dünyasını dəyişdiyi 1979-cu ildə gənclərdən ibarət heyətlə çalışmağa başlayıb. 18-19 yaşlı gənclər Pərviz Ədib (zərb alətləri), Nazim Quliyev (bas-gitara) və Ələsgər Abbasov (gitara) o heyətdə yer alıb.

 

– Vaqif Mustafazadə haqqında kitabı yazmaq ideyası necə yarandı?

– Əvvəldə də qeyd etdiyim kimi, onun yaradıcılığı məni çox maraqlandırırdı və çoxlu materiallar əldə etdim. İnanıram ki, bir araya gətirdiyim müsahibə və məqalələrin tərcüməsini başa vurub gələn il kitabı hazır edəcəyəm. Məqsədim nəşri sənətkarın 85 illiyində təqdim etməkdir. Kitab yeni informasiyalarla boldur. Onu da deyim ki, sənətkar barəsində, sözün əsl mənasında, əfsanələr, uydurma fikirlər var. Təəssüf ki, ölümündən sonra onu mifləşdirib, reallığı əks etdirməyən məlumatlar yayılıb. Araşdırmanın məqsədi odur ki, konkret reallığı əks etdirən faktları təqdim edək. Ölümündən sonra çoxu onun yaxın dostu kimi özünü qələmə verib. Halbuki onun o qədər də yaxın dostu olmayıb. Məsələn, biz bu gün yutubda ifaçının yeganə ağ-qara lent yazılarını görürük. Tbilisi caz festivalından olan videolent kimi təqdim olunan bu materialda sənətkar “Bakıda ən isti gün” və “Bluz” əsərlərini ifa edib. Hətta öz doğmaları da onun bu lent yazısının Tbilisi caz festivalından yadigar kimi qəbul edir. Əslində, bu lent yazısı Riqada qeydə alınıb. Mən Latviya səfirliyinə də müraciət etdim. İnformasiya çatışmazlığı bəzən insanları yanılda bilir. Vaqif Mustafazadə 1978-ci ilin iyun ayında Riqada caz festivalında iştirak edib və bu həmin festivaldan olan lent yazısıdır. Sonra mən sənətkar haqqında “Yanar qəlbin ritmləri” adlı filmi tapdım. Bu ifa ilk dəfə həmin filmdə səslənib. Sonra ən çox rast gəlinən “Monakoda qalib olaraq “Ağ royal” qazandı” məlumatı. Kimsə, o ağ royalı görübmü? O, birinci yer qazandı, pul mükafatı əldə etdi və həmin pulu götürə bilmədi. Vəfatından sonra o pul mükafatını ailəsi almışdı.

 

– Tofiq bəy, çağdaş Azərbaycan cazı barədə nə fikirdəsiniz?

– Azərbaycan caz musiqisi inkişaf edir. Ən çox da pianoçularımız. İstərdik ki, digər alətlərin də ifaçıları çox olsun. Bu gün pianodan başqa digər alət ifaçıları arasında caza müraciət edənlər azdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. İfaçılar cazla pul qazana bilmirlər. Caz xüsusi, mesenat yanaşması tələb edən musiqi janrıdır. Caz ifaçıları özlərini bu sahəyə fəda edirlər. Bu musiqi bir çox şeyləri qurban verməyi tələb edir. Vaqif Mustafazadə özü də bir otaqda bu xariqələri yaratdı, toya getmədi. Bugünkü cazımızda Vaqif Mustafazadəni təkrarlama hallarına da rast gəlirik. O elə bir iz qoyub ki, ondan bəhrələnməmək qeyri-mümkündür. Ancaq qəlibdə də qalmaq olmaz. Muğam bizim böyük sərvətimizdir. Üzeyir bəy muğamdan istifadə edib milli operanı, Fikrət Əmirov simfonik-muğamı və s. yaradıblar. Amma bu gün fərqli yollar da axtarmaq lazımdır. Əgər bu gün Azərbaycanda caz ifa edərək ona muğam əlavə etmirsənsə, sən Azərbaycan caz musiqiçisi deyilsən qənaətinə gəlməməlisən. Caz ifaçılarımız öz müəllif yanaşmalarını da tətbiq etməlidir. Çox sevinirəm ki, ifaçılar neo-folklorizmdən kənara çıxmaq istəyirlər. Yalnız etnocaz üzərində qalmaq olmaz.

 

– Hazırda musiqiçi kimi hansı layihələr üzərində işləyirsiniz?

– Televiziya fəaliyyətim var. İfaçı, müğənni kimi estrada istiqamətində yeni ifalarımı təqdim edirəm. Yəqin ki, sentyabrda yeni klipim işıq üzü görəcək. İndi əsas işim isə, dediyim kimi, Vaqif Mustafazadənin 85 illiyinə bu kitabı hazır etməkdir.

Lalə Azəri