Olaylar, faktlar (29 iyul – 4 avqust)

 

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 2001-ci il avqustun 1-də latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatması münasibətilə Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə elan edilib.

2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin həmin günü Bakıda ilk kinoxronika  nümayiş etdirilib. Əlamətdar gün Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla təsis olunub.

 

551 il əvvəl...

 

1 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşündə Osmanlı məğlub olub. On gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

 

106 il əvvəl...

 

30 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub.

 

64 il əvvəl...

 

3 avqust 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Niger müstəqilliyini elan edib.

 

35 il əvvəl...

 

29 iyul 1989-cu ildə Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızında dəmir yolu xətti tamamilə kəsilib.

 

34 il əvvəl...

 

31 iyul 1990-cı ildə Yuqoslaviya federasiyasının subyekti olan Bosniya-Herseqovina müstəqilliyini elan edib. 6 respublikanı birləşdirən Yuqoslaviyanın dağılması ağır müharibə ilə müşayiət olundu. Ən qanlı savaş müsəlman bosniyalılar, katolik xorvatlar və pravoslav serblərin yaşadığı Bosniya-Herseqovinada baş verdi. 1995-ci ildə ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında sülhü təmin edən sənəd (“Deyton sülhü”) imzalandı.

***

2 avqust 1990-cı ildə İraq qoşunları Küveyti işğal edib. Səddam Hüseyn Küveyti İraqın əyaləti elan edib. ABŞ başda olmaqla beynəlxalq koalisiya 1991-ci ilin yanvarında İraqa qarşı “Səhrada tufan” əməliyyatı ilə bu təcavüzə son qoydu.

 

33 il əvvəl...

 

31 iyul 1991-ci ildə erməni terrorçu qrupu Azərbaycana qarşı növbəti qanlı aksiya həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstanın Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuşdu.

 

31 il əvvəl...

 

3 avqust 1993-cü ildə Bakıda ilk peyk rabitə sisteminin açılışı olub. ABŞ-nin İDB şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub.

 

21 il əvvəl...

 

4 avqust 2003-cü ildə Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması barədə Prezident Heydər Əliyevin təqdimatı təsdiq edilib. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə həmin gün İlham Əliyev Baş nazir təyin edilib.

Hazırladı: V.Orxan