V Dünya Köçəri Oyunları bu il sentyabrın 8-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Oyunlarda 80-dən çox ölkənin təmsil olunacağı gözlənilir.
Şəhərdə tədbirə geniş hazırlıq görülür. Bu çərçivədə 30 süvarinin iştirakı ilə maraqlı performans təşkil edilib. Atlılar paytaxtın görməli yerlərinə, oyunların olacağı məkanlara yürüş ediblər. “Tengri Road” atlı səyahətçilər klubunun təsisçisi Saqadat Temkenov bildirib ki, əsas məqsəd mədəniyyəti, tarixi və ənənələri nümayiş etdirərək, qazaxıstanlıları V Dünya Köçəri Oyunlarına çağırmaqdır. O, Dünya Köçəri Oyunları ilə bağlı təşviqat aksiyalarının ölkənin vilayətlərində də keçiriləcəyini deyib.
Qeyd edək ki, Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə keçirilib. Qırğızıstan 2016-cı və 2018-ci illərdə (Çolpon-Ata şəhəri) növbəti Dünya Köçəri Oyunlarına ev sahibliyi edib. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri Oyunlarının təşkilatı coğrafiyasını genişləndirməyə və bu tədbiri qəbul etməyə hazır olduqlarını bildirib. 2020-ci ilə nəzərdə tutulan, lakin pandemiya səbəbindən ertələnən IV Dünya Köçəri Oyunları 29 sentyabr – 2 oktyabr 2022-ci il tarixlərində Bursanın İznik bölgəsində təşkil olunub.
İdman, incəsənət, ənənəvi xalq oyunlarının bir arada təqdim edildiyi bu tədbirlərdə Azərbaycan da geniş heyətlə təmsil olunub.